Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Qəbələdə səfərdə olmuşdur.
Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena tanışlıq məqsədilə fevralın 6-da Qəbələ rayonunda səfərdə olmuşdur.
Qonağı rayon icra hakimiyyətində RİH başçısının birinci müavini Abil Ağasəfov qəbul etmişdir. Görüş zamanı Assad Jose Jater Penaya rayon haqqında ətraflı məlumat verilmiş, Qəbələnin sürətli inkişafından söz açılmışdır. Bildirilmişdir ki, rayonda dünya standartlarına uyğun müasir turizm infrastrukturu yaradılmış, sənaye-istehsal müəssisələri, idman kompleksləri, beynəlxalq hava limanı, mədəniyyət və elmi araşdırmalar mərkəzləri, müalicə sanatoriya obyektləri, məktəb binaları tikilmiş, yeni yollar çəkilmiş, körpülər inşa edilmişdir. Artıq dünyanın mədəniyyət mərkəzlərindən biri kimi taninmaqda olan Qəbələdə beynəlxalq görüşlərin, forumların, musiqi festivallarının, rəsm sərgilərinin, idman oyunlarının və sair tədbirlərin keçirildiyi qeyd olunmuşdur.
Söhbət zamanı beynəlmiləl Qəbələdə dünyanın unikal tolerantlıq modelinin mövcudluğuna da diqqət çəkilmişdir.
Kolumbiyalı qonaq rayonun geniş potensialına və burada həyata keçirilən işlərə heyranlığını ifadə etmiş, Qəbələnin onun vətəninin hər hansı bir şəhəri ilə qardaşlaşması arzusunda olduğu barədə fikirlər səsləndirmişdir.
Görüşün yekununda qonağa xatirə hədiyyələri təqdim olunmuşdur.
Assad Jose Jater Pena rayonun tarix-mədəniyyət abidələri, turizm obyektləri və bir sıra istehsal müəssisələri ilə tanış olmuşdur.