Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində şagirdlər üçün dağ-xizək idman növü üzrə ödənişsiz təlimlərə start verilmişdir.

10 fevral 2015 | 16:00

Azərbaycanda ilk dəfə olaraq Qəbələ rayonundakı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində dağ-xizək idman növü üzrə ödənişsiz təlimlərə start verilmişdir. Kompleksdə orta məktəb şagirdlərinin dağ-xizək idman növünə marağının artırılması, xizəkçiliyin sirlərinə yiyələnməsi və onların peşəkar idmançı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılmışdır.   
Bu xizək mövsümündə Qəbələ və ətraf rayonların şagirdləri qrafikə uyğun olaraq kompleksdə göstərilən kanat və xizək xidmətlərindən bəhrələnəcəklər. Türkiyədən dəvət olunmuş təlimçilər kompleksin yeni xizəkçilik məktəbində yeniyetmələrlə 50 dəqiqə ərzində buz üstə xizəklə düz sürüşməyi, sağa və ya sola dönməyi və dayanmağı öyrədirlər.
Şagirdlərin məktəbdən kompleksə gətirilməsi və geri qaytarılması üçün avtobuslar təşkil olunur, onlar xizək geyim formaları ilə təmin edilir.
Burada  şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün patrul və sağlamlığı üçün həkim qrupu fəaliyyət göstərir. Şagirdlərin üçün təşkil olunan xizəkçilik təlimləri martın sonunadək davam etdiriləcəkdir.
Təlimləri kompleksə dəvət olunmuş Türkiyənin 6 və Azərbaycanın 2 peşəkar təlimçisi həyata keçirir. Təlimlərdə iştirak edən yeniyetmə və gənclər arasında gələcəkdə müxtəlif yarışların təşkil olunması və onların yerli və beynəlxalq turnirlərdə iştirakının təmin olunması nəzərdə tutulur.
Ötən ilin yanvarında ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən kompleksin 4 kanat xəttindən 3-də və 10 xizək yolundan 5-də tikinti işləri yekunlaşdırılmışdır. Turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılmış, bütün dağ-xizək trassı süni qaryağdıran generasiya sistemi ilə
təchiz edilmışdır.  Gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılmışdır.
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin xidmətlərindən ötən bir il ərzində 140 min nəfər yerli və xarici qonaq istifadə etmişdir. Qəbələdə qış turizminin inkişafına təkan verən bu kompleksdə yeni xizək mövsümü başlayandan bəri artıq Bakıdan, respublikanın müxtəlif şəhər və rayonlarından, xarici ölkələrdən 10 minə yaxın xizək həvəskarları Qəbələyə gəlmişdir. Hazırda müxtəlif turizm şirkətləri tərəfindən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə xizəkçiliklə əlaqədar xüsusi turlar təşkil edilir.
Turistlər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini, Duruca kəndini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edir, xatirə şəkilləri çəkdirirlər. Onlar  bir nəfər üçün 10 manat pul ödəməklə kompleksin 3 kanat yolu ilə dağlarda 5 kilometr məsafə qət edə bilirlər. Turistlər 1660 metr hündürlüyə qalxaraq dağın zirvəsindəki kafe və restoranların xidmətlərindən istifadə  edirlər.

Keçidlər