Xocalı soyqırımı anılmışdır.
Rayonun ümumtəhsil ocaqlarında, idarə, müəssisə və təşkilatlarında Xocalı faciəsinin 23 illiyi ilə əlaqədar anım tədbirləri keçirilir. Fevralın 19-da isə Qəbələ Rayon Polis Şöbəsində Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə polis şöbəsinin rəis müavini, polis mayoru Ələddin Nuhov açmışdır. Xocalı faciəsində həlak olan soydaşlarımızın xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir. Ələddin Nuhov bildirmişdir ki, Xocalı qətliamı ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım hadisəsidir. Xalqımız bədnam qonşularımızın başımıza gətirdiyi qanlı soyqırım hadisəsini heç vaxt yaddan çıxarmamalı, gənc nəsl müntəzəm olaraq bu müdhiş olaylarla məlumatlandırılmalıdır.
Xocalı soyqırımının tarixi kökləri və nəticələri barədə danışmaq üçün söz “Qəbələ” qəzetinin əməkdaşı Qüdrət Səmədova verilmişdir. Natiq qeyd etmişdir ki, Xocalı faciəsinin kökləri tarixin ən qədim səhifələrinə gedib çıxır. Emənilər tarixən qonaq kimi yaşadıqları ərazinin yerli əhalisinə qarşı, xüsusən türklərə və azərbaycanlılara qarşı həmişə xəyanətkar mövqe tutmuşdur. Hələ VIII əsrdə ərəb xilafətinə qarşı uzun illər mərdliklə vuruşmuş, xalq qəhrəmanı Babək erməni xəyanətinin qurbanı olmuşdur. Rus çar imperiyası tərəfindən Qafqazın işğalından sonra erməni xəyənətkarlığı özünü daha qabarıq şəkildə göstərmişdir. Dünyaya səpələnmiş səfil və dilənçi ermənilər Rus çarlığının dəstəyi ilə qədim və əzəli Azərbaycan torpaqlarında yerləşdirilmiş, daima xalqımıza qarşı düşmən mövqedə olmuşlar. 1992-ci ilin 28 fevralında erməni qaniçənlərinin Xocalıda törətdiyi soyqırım əvvəlki qırğınlardan daha qəddar, daha vəhşicəsinə həyata keçirilmişdir.
1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı faciəsi azərbaycanlılara qarşı erməni vəhşiləri tərəfindən törədilmiş soyqırımı kimi qiymətləndirilmişdir. Təəssüf ki, dünyanın əmin-amanlığına cavabdeh olan beynəlxalq təşkilatlar Xocalı soyqırımının həqiqi siyasi qiymətini verməmişlər.
Tədbirdə Xocalı sakini, polis mayoru Ramin Kazımov, Qəbələ Rayon Polis Şöbəsi rəisinin müavini Ramin Qədirov və başqaları Xocalı soyqırımı ilə əlaqədar fikirlərini iştirakçılara çatdırmışlar.