Çuxur Qəbələ kəndində səyyar görüş-qəbul keçirilmişdir.
Martın 5-də Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayevin rayonun Çuxur Qəbələ kənd sakinləri ilə görüş-qəbulu keçirilmişdir.
Görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək kənd sakinlərini salamlamış, ölkədə qazanılan uğurlardan danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayona, eləcə də Çuxur Qəbələ kəndinə göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açmış, Qəbələdə aparılan tikinti-quruculuq işlərini, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirləri və bu sahədə qarşıda duran vəzifələri geniş təhlil etmişdir.
Sonra xidmət təşkilatlarının rəhbərləri ərazidə öz sahələri üzrə görülən işlər və ilin sonunadək həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat vermişlər.
Daha sonra Çuxur Qəbələ kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı Səbuhi Abdullayevə və Rüfət Əliyevə müraciətlər etmişlər.
Müraciət edən vətəndaşlar ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bölgəyə göstərdiyi diqqətə görə minnətdarlıqlarını ifadə edərək, kəndin fasiləsiz təbii qazla, elektrik enerjisi ilə təminatı, rayonda əhalinin rifah halının yaxşılaşdırılması, işsizliyin və sosial problemlərin aradan qaldırılması, tikinti quruculuq işlərinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar ölkə başçısına öz razılıqlarını bildirmişlər. Həmçinin kənd sakinləri yaşayış məntəqəsinin yeni massivində subartezian quyusunun qazılmasını və ərazidə uşaq bağçasının açılmasını xahiş etmişlər.
Yekunda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Çuxur Qəbələ kəndində keçirilən görüş-qəbulda sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.