Əhalinin tibbi müayinəsi davam edir.
Prezident İlham Əliyevin ölkə vətəndaşlarının fevralın 1-dən başlayaraq tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası Qəbələ rayonunda uğurla davam edir.
Rayon mərkəzi xəstəxanası tərəfindən sakinlərin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Rayonun səhiyyə ocaqlarına müraciət edən insanlar əvvəlcə növbə ilə qeydiyyatdan keçir, sonra həkimlərin qəbulunda olurlar. Aksiyaya tibbin müxtəlif sahələri üzrə həkim və orta tibb işçiləri cəlb edilmiş, ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs, flüoqrafiya və digər müayinə kabinetləri lazımi avadanlıqlarla təchiz olunmuşdur.Qəbələ şəhərində, eləcə də 20 yaşayış məntəqəsində aparılmış müayinələr zamanı sakinlər öz sağlamlıqları barədə dəqiq məlumatlar almışlar.
Fevralın 1-dən martın 10-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 37 minə yaxın vətəndaş tibbi müayinə olunmuşdur. Müayinələrdən sonra 142 nəfər stasionar, 3013 nəfər ambulator müalicəyə cəlb edilmiş,xəstəliyi daha ağır olan 91 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
Bundan əlavə 16 həkimdən ibarət briqadalar kəndlərə ezam olunaraq əhalinin tibbi müayinəsini həyata keçirirlər. İyirimi iki kənddə əhalini müayinə edən həkimlər mayın 1-dək rayonun daha 42 kəndinə ezam olunacaqlar. Rayon sakinləri tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsindən, həkimlərin onlara nəvazişlə, qayğı ilə yanaşmasından razılıqlarını bildirir, bu diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.