“Novruz” bayramı ərəfəsində Qəbələ rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur.
Xalqımızın ən müqəddəs bayramlarından olan “Novruz” bayramı ərəfəsində Qəbələ şəhərində əvvəlcədən müəyyən olunmuş yerdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunmuşdur. Rayon əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları və bayram çərəzləri çıxarılmışdır.
Qəbələ rayonunun mərkəzi bazarının yaxınlığındakı ərazidə təşkil olunan yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunmuşdur.
Burada rayon sakinlərinə 5 ton mal əti, 4 ton quş əti, 6 ton ağartı məhsulları, 1,5 ton tərəvəz, 26 ton soğan və kartof, 22 ton meyvə, 18 ton quru meyvə, həmçinin 32 ton müxtəlif çeşidlərdə şirniyyatlar və ərzaq məhsulları təklif olunurdu.
“Novruz” bayramı ərəfəsində yarmarkadakı qiymətləri bazar qiymətləri ilə müqayisə edən zaman burada qiymətlərin 15-20 faiz ucuzluq təşkil etdiyi nəzərdən qaçmırdı.
Rayon sakinləri “Novruz” bayramı ərəfəsində açılmış yarmarkada təklif olunan məhsulları həvəslə alır və bu işi təşkil edənlərə öz minnətdarlıqlarını bildirirdilər.