Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Naxçıvan məktəbliləri Qəbələyə ekskursiyadan məmnun qalıblar.

21 mart 2015 | 02:00

Prezident İlham Əliyevin təşəbbüsü ilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan məktəbliləri Qəbələ rayonu ilə tanış olmuşlar.
İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə tur-aksiyada iştirak edən Naxçıvan, Ordubad, Şərur, Babək, Culfa, Kəngərli, Şahbuz rayon məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup martın 18-də axşam saatlarında Qəbələdəki “Qafqaz Yeddi Gözəl” otelində qarşılanmışlar.
Oteldə şagirdlərə əvvəlcə İsmayıllı-Qəbələ-Şəki marşurutu üzrə təşkil edilən tur-aksiyanın əhəmiyyəti barədə geniş məlumat verilmişdir.
Şagirdlərə Qəbələnin tarixi, adət-ənənələri, coğrafiyası, turizm obyektləri, qədim abidələri, mənzərəli guşələri, son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri haqqında məlumatlandırılmış, onların sualları cavablandırılmışdır. Sonra şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilmiş, musiqili-əyləncəli gecə təşkil olunmuşdur.
Şagirdlər öncə Çuxur Qəbələ kəndindəki qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə də tanış olmuşlar. Tur-aksiya iştirakçılarına bildirilmişdir ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Qəbələnin çox zəngin tarixi vardır.
Bunlar ölkə əhəmiyyətli qədim memarlıq abidələri, mədəni irsimizin nadir inciləri hesab olunur. Tur-aksiya iştirakçılarına 900 il Qafqaz Albaniyasının paytaxtı olan və bu gün sürətlə inkişaf edərək Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilən qədim və müasir Qəbələnin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlar, rayonun florası, etnoqrafiyası, əhalisinin məşğuliyyəti haqqında ətraflı məlumatlar verilmişdir.   
Qəbələyə səfər edən Naxçıvan şagirdlərinin daha çox marağına səbəb olan yerlərdən biri isə “Nohur gölü” olmuşdur. Onlara bildirilmişdir ki, dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Nohur gölünün ətrafı sıx meşələr və dağlarla əhatə olunmuşdur. Gölün uzunluğu 1925 metr, eni 1355 metr, sahəsi 240 hektar, dərinliyi 24 metr, suyunun həcmi isə 16 milyon kubmetrdir. Nohur gölünə Dəmiraparan və Vəndam çaylarının suyu axır. Göl balıqçılığın və idmanın avarçəkmə növünün inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban kilsəsinə böyük maraqla baxmışlar. Onlara bildirilmişdir  ki, Nic qəsəbəsi ölkəmizdə tolerantlığın kiçik və unikal modeli hesab edilir. Çünki bu qəsəbədə müxtəlif xalqların və dinlərin nümayəndələri daim qarşılıqlı anlaşma və mehriban şəraitdə yaşamışlar.
Daha sonra məktəblilər rayonda fəaliyyət göstərən Azərbaycan xalqının qədim sənət və peşələrindən biri olan xalçaçılıq emalatxanasına da baxış keçirmiş, burada ustalarının bədii fikir və yaradıcı təxəyyülünü özündə əks etdirən hazır məhsulların sərgisi ilə yaxından tanış olmuşlar.
Səfər çərçivəsində Naxçıvan məktəbliləri  Heydər Əliyev Mərkəzində də olmuşlar. Məktəblilərə burada dahi şəxsin ictimai siyasi fəaliyyəti barədə ətraflı məlumat verilmiş, ümummilli liderin həyat fəaliyyəti barədə video çarx nümayiş etdirilmişdir.
Qəbələyə səfərləri zamanı rayonda yaradılan müasir turizm infrastrukturu, otel və istirahət mərkəzləri ilə də tanış olan məktəblilər səfər zamanı qədim və müasir Qəbələ şəhərini heyranlıqla seyr etdiklərini bildirmiş və xoş təəsüratlarla Bakı şəhərinə yola düşmüşlər.

Keçidlər