Qəbələdə Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir
Xalqımızın oyanış, dirçəliş, xeyirxahlıq, əməksevərlik kimi gözəl hisslərini tərənnüm edən və ruzi-bərəkət rəmzi olan bahar ətirli Novruz bayramı Qəbələdə geniş qeyd olunmuşdur.
Şəhərin Heydər Əliyev Parkında təntənəli təşkil olunmuş izdihamlı tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, icra hakimiyyəti aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları parkda təşkil olunmuş yerli inşaat materialları, sənaye məhsulları, xalçaçılıq və toxuculuq məmulatları, tətbiqi və təsviri incəsənət nümunələrindən ibarət sərgilərə baxmış,Qəbələdə yaşayan xalq sənətkarlarının böyük ustalıqla hazırladıqları əl işləri ilə tanış olmuşlar.Təbiətin oyanışını bildirən səməni və digər Novruz atributları ilə əsl bayramsayağı bəzədilən parkda bayram xonçaları və müxtəlif çeşidli milli şirnilər maraqla qarşılanmışdır. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha yada salmışlar.
Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayev şənlik iştirakçılarını və bütün qəbələliləri bayram münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir.
Natiq ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra xalqımızın bir çox adət-ənənələrinin, bayramlarının yenidən bərpa edildiyini söyləyərək, bu dahi insanın milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşdıgını, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərdiyini xüsüsi vurğulamışdır. Eləcə də Novruz bayramının ölkəmizdə rəsmi qaydada keçirilməsinin məhz ulu öndərin adı və onun vətənpərvər, millətsevər fəaliyyəti ilə bağlı olduğunu diqqətə çatdırmış, bu qədim bayramın cəmiyyəti xeyirxahlığa səslədiyini, sabaha inam hissini artırdığını, nəcib əməllərə və fədakar əməyə çağırdığını qeyd etmişdir.
Teatrlaşdırılmış meydan tədbirində ənənəyə uyğun olaraq tonqal qalanmış, xalqımızın adət-ənənələri, ayin və mərasimləri Novruz personajları tərəfindən canlandırılmışdır. İncəsənət ustaları, bədii kollektivlər milli adət-ənənələrimizi, qədim folklor nümunələrimizi böyük ustalıqla nümayiş etdirmişlər. İştirakçılar oynaq rəqslər ifa etmiş, kəndirbazlar maraqlı tryuklar göstərmiş, idmançılar meydan mübarizəsinə çıxmışlar.
Novruz şənliyi kütləvi çal-çağırla sona çatmış və qəbələlilərə əsl bayram əhval-ruhiyyəsi bəxş etmişdir.