Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Novruz bayramı günlərində Qəbələyə 3 minə yaxın turist gəlmişdir.

30 mart 2015 | 01:00

Qəbələ rayonu coğrafi relyefiunə, paytaxta yaxınlığına və burada yaradılan müasir turizm infrastrukturuna görə nəinki isti yay fəslində, hətta qış və yaz aylarında da səyahət üçün cəlbedicidir.
Novruz münasibətilə ölkəmizdə bir həftə davam edən bayram tətili günlərində rayonumuza gələn yerli və xarici turistlərin sayı ötən ildəkindən iki  dəfə çox olmuşdur. Kanatla dağlara səyahət etmək, xizəklə buz üstündə sürüşmək, alpinizmlə məşğul olmaq, motorlu xizəklərlə, at və faytonlarla gəzintiyə çıxmaq, göllərdə qayıq sürmək və balıq tutmaq, istirahət və əyləncə mərkəzlərinin xidmətlərdən bəhrələnmək, stend və ox atıcılığı kompleksində,
atçılıq mərkəzində asudə vaxtını keçirmək barədə düşünənlərin arzusu bu günlərdə Qəbələdə gerçəkləşmişdir.
Bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilmişdir. Yerli və xarici turistlər bu əsrarəngiz diyarın zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olmuşlar. Çuxur Qəbələ kəndi yaxınlığındakı qədim Qəbələ şəhərinin xarabalıqlarından tapılan nadir arxeoloji nümunələr, eləcə də mədəniyyət mərkəzində təşkil olunan “Gülbuta”, “Gülüstan” və “Zopu-Zopu” folklor-etnoqrafik qruplarının çıxışları əcnəbi qonaqlar tərəfindən yüksək qarşılanmışdır.
Bayram günlərində buraya gələn turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, Latviya, İran, Gürcüstan, Ukrayna və Cənubi Afrika Respublikasından olmuşdur. Bir həftə ərzində rayona 3 minə yaxın yerli və xarici qonaq gələrək istirahət etmişdir.
Hazırda Qəbələdə irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 19-u beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.

Keçidlər