Sərhəd” hərbi-idman oyunu üzrə rayon birinciliyi
Gənc nəslin vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə edilməsi və sərhədçi peşəsinə marağının artırılması məqsədilə Dövlət Sərhəd Xidməti Şəki Sərhəd Dəstəsinin, rayon gənclər və idman darəsinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunu üzrə Qəbələ birinciliyi keçirilmişdir.
Tikanlı sərhəd zastavasında təşkil edilən hərbi-idman oyununun açılış mərasimində dövlət himni səsləndirilmiş, Şəki Şəhər Sərhəd Dəstəsinin, Qəbələ Rayon Gənclər və İdman İdarəsinin, habelə təhsil şöbəsinin nümayəndələri çıxış edərək oyunun məqsədi, mahiyyəti barədə gənc sərhədçilərə məlumat vermişlər. Çıxış edənlər bildirmişlər ki, vətən sərhəddən başlanır. Bu gün doğma Azərbaycanımızın torpaqlarının 20 faizi düşmən işğalına məruz qaldığı bir vaxtda sərhədçilərimizin üzərinə daha çətin, məsuliyyətli və şərəfli bir vəzifə düşür: daha diqqətli və ayıq-sayıq olmaq, qarşı tərəfin hər an baş verə biləcək hücumunu dəf etmək və dövlət sərhədlərimizi göz-bəbəyi kimi qorumaq.
Yarışda orta məktəblərinin 10-cu sinif şagirdlərindən ibarət komandalar iştirak etmişdir. Komandalar 8 mərhələ üzrə güclərini sınamış və yekunda Abrıx kənd tam orta məktəbin komandası I yerə, Vəndam qəsəbə 2 saylı tam orta məktəbin komandası II yerə və Tikanlı kənd tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür. Abrıx məktəbliləri Şəki şəhərində keçiriləcək zona mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Yarışın sonunda gənc sərhədçilərə gənclər və idman idarəsinin diplomları təqdim edilmişdir.