Səyyar görüş-qəbul keçirilmişdir.
Aprelin 21-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rayonun Tövlə kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilmişdir.
Görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.Tədbiri giriş sözü ilə kəndin inzibati ərazi nümayəndəsi Fərhad Zeynalov açaraq yaşayış məntəqəsinin sosial durumu haqqında məlumat vermişdir.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgəyə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır.
Sonra kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı təkliflər irəli sürmüşlər. Çıxış edən vətəndaşlar əhalinin rifahının yaxşılaşdırılması, tibbi müayinə işlərinin bu il də davam etdirilməsi, yaşayış məntəqəsinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması və digər sahələrdə görülmüş işlərə, eləcə də kənddə yeni məktəb binasının tikilərək istifadəyə verilməsinə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Kənd sakinləri görüş-qəbul zamanı kənddə yeni artezian quyusunun qazılmasını, əraziyə təbii qaz xəttinin çəkilməsini, Hacıalılı-Tövlə yolunun asfaltlaşdırılmasını və kəndin adının dəyişdirilməsini xahiş
etmişlər.
Görüş-qəbulda rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.