Fənn olimpiadalarının respublika mərhələsi yekunlaşmışdır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti bu gün ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətin, millətin gələcəyini və müstəqilliyini səciyyələndirən mühüm şərtlərindən biri də təhsil sisteminin təkmilləşdirilməsi, inkişaf etdirilməsidir.
Ölkədə aparılan təhsil islahatları fonunda bu il məktəblərdə istedadlı uşaqların aşkara çıxarılması məqsədilə Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş 2014-2015-ci dərs ilində “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları”na əsasən ümumrespublika fənn olimpiadası keçirilmişdir. Olimpiada 2 mərhələdə- rayon və respublika mərhələlərində keçirilmişdir.
Yanvar ayının 11-də keçirilən birinci mərhələdə Qəbələ rayonu üzrə 380 nəfər IX-XI sinif şagirdləri olimpiadada iştirak etmişdir. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin təsdiq etdiyi münsiflər heyəti tərəfindən yoxlanılmış və nəticələrə əsasən 54 nəfər fənn olimpiadalarının yarımfinalına vəsiqə qazanmışdır. Mart ayının 15-də Şəkişəhərində keçirilən yarımfinal turu da məktəblilərimiz üçün uğurlu olmuş, bu mərhələdə müxtəlif fənlər üzrə 7 nəfər şagird III, 6 nəfər şagird isə II yerin qalibi olmuşdur. Ən yüksək bal toplayan 7 nəfər şagird isə zona
mərhələsinin qalibi olaraq Bakı şəhərində keçiriləcək final turuna vəsiqə qazanmışdır.
Azərbaycanın 58 müxtəlif bölgələrindən olan 450 şagird aprelin 18-də Bakı şəhərində başlayan final mərhələsinə qatılmışdır. Bu mərhələdəki gərgin yarışlarda öz gücünü sınayan şagirdlərin 240 nəfəri mükafatçılar sırasına çıxmışlar.
Olimpiadada qəbələli şagirdlərin 5 nəfəri yüksək bilik nümayiş etdirərək 1 qızıl, 1 gümüş, 3 bürünc medal və Təhsil Nazirliyinin qiymətili hədiyyələri ilə təltif olunmuşlar.