Qəbələdə “Azərbaycan Olimpiadada – Olimpiada Azərbaycanda” adlı maarifləndirici tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin təşkilatçılığı ilə Qəbələdə "Azərbaycan Olimpiadada- Olimpiada Azərbaycanda" adlı regional layihənin təqdimat mərasimi keçirilmişdir. Maarifləndirici xarakter daşıyan layihə Zərdab, Göyçay, İsmayıllı, Qəbələ rayonlarında və Şəki şəhərində ardıcıl olaraq icra edilir.
Tədbiri rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov açaraq ilk dəfə Azərbaycanda keçiriləcək Avropa Oyunlarının ölkəmizə verəcəyi töhvələr barədə tədbir iştirakçılarını geniş məlumatlandırmış, cənab İlham Əliyevin Milli Olimpia Komitəsinin prezidenti seçildiyi gündən idmançılarımızın keçdiyi uğurlu yollar barədə gənclərə dolğun bilgilər vermişdir. Daha sonra İctimai Birlik haqqında layihənin icraçı direktoru Nicat Rəhimov tədbirə toplaşanlara layihənin həyata keçirilməsinin məramından ətraflı söhbət açmışdır. Yekunda iştirakçılara bukletlər təqdim olunmuşdur. 100-dək fəal gəncin qatıldığı tədbirdə "Bakı 2015" Avropa Oyunları barədə onları maraqlandıran bütün suallar cavablandırılmışdır