Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycanda ilk dəfə olaraq Qəbələdə “Tarla günləri” keçirilib.

02 may 2015 | 15:00

Mayın 2-də Qəbələ rayonunda “Tarla günləri”nə həsr olunan beynəlxalq tədbir keçirilmişdir. Aqrar sektorda  son yenilikləri və imkanları özündə əks etdirən beynəlxalq tədbirin açılış mərasimində 50 yerli və xarici şirkət, o cümlədən 2000-ə yaxın nümayəndə heyəti iştirak etmişdir. Hökumət təşkilatlarının, xarici ölkə səfirliklərinin, ictimai birlik nümayəndələrinin və kənd təsərrüfatı sektorunda çalışan sahibkarların  qatıldığl tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri- təşkilat komitəsinin sədri Əbülfəz Məlikov, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Türkiyənin “Omca Tarm” şirkətinin prezidenti Haqqı Şafak, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvi, akademik İbrahim Cəfərov və başqaları çıxış etmişlər.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxışında bıldirmişdir ki, son illərdə bütün sahələrdə böyük uğurlar qazanılmış, Azərbaycanın maliyyə imkanları artmış, ölkəmiz transmilli layihələrin təşəbbüskarına və əsas iştirakçısına çevrilmişdir. Regionlarda müasir standartlara cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması dövlətimizin dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə və əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur.
Natiq qeyd etmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində bölgələrimiz inkişafın yeni keyfiyyət mərhələsinə yüksəlmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında aqrar sahə üzrə nəzərdə tutulan tədbirlərin uğurla icra edilməsi ölkənin aqrar sektorunda həlledici rol oynayır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin prioritetlərindən biri və ən önəmlisi kənd təsərrüfatının yüksək inkişafına nail olunması, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılmasıdır. Məlum olduğu kimi dövlət başçısı kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Cənab Prezidentin bu ilin 12 yanvar tarixli 988 nömrəli Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar bölmənin inkişafının dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir. Azərbaycanda 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması həm də kənd təsərrüfatının ümumi inkişafına yeni təkan vermək və onun modernləşməsini sürətləndirmək, aqrar sahədə mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi daşıyır.
Çıxış edənlər  Azərbaycanda ilk dəfə olaraq “Tarla günləri”nin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirmişlər ki, məqsəd aqrar sektordakı son yenilikləri və imkanları təqdim etməklə yanaşı, istehlakçılar və ixracatçıları birləşdirməkdən ibarətdir. Burada, əsas üstünlük aqrar sektordakı texnologiyaya və sənayedəki yeniliklərə verilmişdir. “Tarla günləri”ndə müştərilərlə üzbəüz görüşmək imkan, önəmli məsələlərin müzakirəsi və fikir mübadiləsi, daha konkret hədəf auditoriyası, məhsul və xidmətlərin müqayisəli təqdimatı, təşviqat və marketinq imkanları, daha adaptiv və daha sərbəst mühit əldə etmək imkanı yaradılmışdır.
Qeyd edilmişdir ki, Azərbaycan “Tarla günləri”nin təşkili ilə qonşu ölkələrin təcrübələrindən bəhrələnir, ölkəmizdə aqrar sektorun inkişafı üzrə dövlət siyasətinə dəstək verir, regionların sosial-iqtisadi inkişafına yardım göstərir, kiçik və orta sahibkarlığın, xüsusilə fermer və ailə təsərrüfatlarının inkişafını təşviq edir, biznes subyektləri üçün kənd təsərrüfatı barədə daha dəqiq və daha asan məlumat əldə etmək imkanı yaradır, eləcə də vətəndaşlara (istehlakçılara) aqrar sektorun potensialı haqqında dolğun və ucuz informasiya çatdıra bilir. Layihə çərçivəsində aprel-oktyabr ayları ərzində Qəbələ rayonunda 28 hektar torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olan hər bir sahibkar 6 ay ərzində əkin, becərmə, biçin işlərini və məhsullarını, aqrotexnika ilə məşğul olan şirkətlər isə öz texnika və avadanlıqlarını nümayiş etdirə biləcəklər.
Çıxışlardan sonra tədbir iştirakçıları kənd təsərrüfatı məhsullarının, bitki dərmanlarının, kənd təsərrüfatı texnikalarının, gübrələrin, qida məhsullarının, şirə və içkilərin, labarotor avadanlıqların, heyvandarlıq və bitkiçilik məhsullarının sərgisi ilə tanış olmuşlar. Tədbirdə ölkəmizdə ilk dəfə olaraq Quba rayonunda yaradılacaq “Fermer evi”nin maketi də nümayiş olunmuşdur. Bildirilmişdir ki, pilot layihə olan “Fermer evləri”nin gələcəkdə respublikanın bütün rayonlarında yaradılması nəzərdə tutulmuşdur. Fermerlər qarşılaşdıqları probləmlərin həllini həmin evlərdə tapacaq, orada onlara müəyyən məsləhətlər veriləcək, yardım göstəriləcəkdir.
Sonda qonaqlar heyvandarlıq kompleksinə baxış keçirmişlər.

Keçidlər