YAP Qəbələ Rayon Təşkilatının Gənclər Birliyi ulu öndərin doğum gününü qeyd etmişdir.
YAP Qəbələ Rayon Təşkilatının Gənclər Birliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı geniş tədbir keçirmişdir. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə mərasim iştirakçıları ulu öndərin büstü önünə gül dəstələri qoymuşlar.
Sonra yığıncağı giriş sözü ilə YAP Qəbələ Rayon Təşkilatının aparat rəhbəri Elçin Tağıyev açmış, dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə məruzə ilə çıxış edən YAP rayon təşkilatının Gənclər Birliyinin sədri Namiq Ağayev Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin ömür yolu və siyasi fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, onun müstəqil Azərbaycan dövlətinin qurulması, inkişaf etdirilməsi, möhkəmləndirilməsi sahəsində göstərdiyi xidmətlərdən geniş bəhs etmişdir. Məruzəçi Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışaraq, dahi şəxsiyyətin əsasını qoyduğu gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənclərə dövlət tərəfindən yüksək diqqət və qayğının göstərilməsindən, onlara əlverişli təhsil mühitininin yaradılmasından bəhs etmişdir. Natiq çıxışının sonunda bildirmişdir ki, hər bir Azərbaycan gənci Heydər Əliyevin ideyalarından ruhlanaraq onlara dövlət tərəfindən göstərilən etimadı doğrultmalı, ölkənin inkişafı naminə daha çox çalışmalı və qazandıqları bilik-bacarıqları əməli işə sərf etməlidirlər.
Məruzə ətrafında Yeni Azərbaycan Partiyasının gənc üzvləri çıxış etmişlər. Tədbir rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı ədəbi -bədii kompozisiya ilə davam etdirilmişdir.
Yekunda ümummilli liderin siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.