Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə olimpiya atıcılıq növləri üzrə II Beynəlxalq Qran-pri turnirinin açılış mərasimi olmuşdur.

16 may 2015 | 15:00

Mayın 16-da Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə II Beynəlxalq Qran-Pri yarışlarının rəsmi açılış mərasimi keçirilmişdir.
Mərasimdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov çıxışlarında  ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə həsr edilən atıcılıq üzrə beynəlxalq yarışın əhəmiyyətindən danışmışlar. Qeyd edilmişdir ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və dünya çempionatlarından sonra ən mühüm yarışlar sırasına daxildir və ölkəmizdə atıcılıq idman növü üzrə təşkil edilən ikinci beynəlxalq turnirdir.
Məlumat verilmişdir ki, ümumi mükafat fondu 96,5 min ABŞ dolları olan turnirdə 17 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Böyük Britaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Gürcüstan, Macarıstan, İran, İtaliya, Kipr, Küveyt, Qətər, Rusiya, Türkiyə və Ukraynadan 150-yə yaxın idmançı iştirak edəcək. Bu beynəlxalq yarışda Azərbaycanı Olimpiya çempionu Zemfira Meftahəddinova, Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Qəbələ” Atıcılıq Klubunun texniki meneceri və dəfələrlə Azərbaycan çempionu olan Emin Cəfərov, “Qəbələ” İdman Klubunun vitse-prezidenti və dəfələrlə ölkə çempionu olan Elvin İsmayılov, dünya kubokunun finalçısı, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, tanınmış atıcılardan Paşa Əhədpur, Xanhüseyn Bağırov, Elçin Babayev, Alina Rafiqxanova, Niyaz Ağazadə, Əlimirzə Quliyev, Əli Hüseynli təmsil edəcəklər.
Açılış mərasimində Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunmuşdur.
Azərbaycan Atıcılıq Federasiyasının və “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçiriləcək yarışlara mayın 24-də yekun vurulacaq.

Keçidlər