Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popova Qəbələ rayonuna səfər etmişdir.

21 may 2015 | 06:00

Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popova tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişdir.
Qəbələ şəhərində qarşılanan bolqarıstanlı qonaq rayonun tarixi, mədəni məkanları, fəaliyyət göstərən istehsal müəssisələri və turizm sektoru ilə yaxından tanış olmuşdur.
Sosial-iqtisadi inkişaf və əldə edilən uğurlarla maraqlanan xanım Marqarita Popovaya məlumat verilmişdir ki, bu gün  Azərbaycanda mötəbər tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır, respublikamızı mədəniyyətlərarası dialoqa töhfə verən məkan kimi tanıdır.
Diqqətə çatdırılmışdır ki, bu gün Azərbaycanda regionların sürətli inkişafı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmizin bütün bölgələri kimi, Qəbələ də qədim və tarixi görkəmini saxlamaqla müasirləşir.
Daha sonra Heydər Əliyev Konqres Mərkəzinə gələn qonağa məlumat verilmişdir ki, 14 avqust 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qəbələ rayonuna səfəri zamanı açılışı olan 1200 yerlik, unikal memarlıq üslubuna malik mərkəzdə  yüksək səviyyəli tədbirlər keçirilir.
Səfər proqramına uyğun olaraq xanım Marqarita Popova rayon tarix-diyarşünaslıq muzeyində də olmuşdur.
Muzeyin ekspozisiyasındakı eksponatlarla tanış olan vitse-prezident Qafqaz Albaniyasının 900 il paytaxtı olmuş qədim Qəbələ şəhərinin günümüzədək gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketinə və aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinə maraqla tamaşa etmişdir. Muzeydəki xatirə kitabı və tanınmış simaların muzey barədə qeydləri bolqarıstanlı qonaqda xoş təəssürat yaratmışdır.
Rayonun istehsal müəssisələrinə maraq göstərən xanım Marqarita Popova “Beltmann" piano fabriki ilə də yaxından tanış olmuşdur. Bildirilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada "Beltmann" markalı pianolar istehsal edən yeganə müəssisədir və burada ildə 1200-1500 pianonun istehsal edilməsi  mümkündür.
Səfər çərçivəsində xanım Marqarita Popova “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi və rayonda yaradılmış müasir turizm infrastrukturu ilə də tanış olmuşdur. Qəbələ ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri bolqarıstanlı qonaqda zəngin təəssürat yaratmışdır. Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu və bu istiqamətdə böyük işlər görüldüyünü qeyd edən vitse-prezident ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun, sürətlə inkişaf edən turizm sektorunun iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndirmişdir.

Keçidlər