Avropa Oyunlarının məşəli Qəbələdə alovlanmışdır.
Artıq 31 gündür ki, Azərbaycanın və dünya idman ictimaiyyətinin diqqəti Avropa Oyunlarının start mərhələsinə yönəlmişdir. Aprelin 26-da Azərbaycanın paytaxtı Bakının “Atəşgah” məbədindən alovlandırılan məşəl respublikanın 46 rayonundan 4 min kilometrdən artıq yol keçərək mayın 26-da sürətli sosial-iqtisadi inkişafı ilə seçilən və dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilməkdə olan Qəbələyə çatmışdır. Yüksək qələbəlik, böyük izdihamla qarşılanan məşəl Qəbələ idmansevərlərinə, bütün qəbələlilərə çox həyacanlı anlar yaşatmışdır.
Şəhərin cənub girişindən ümummilli liderin adını daşıyan parka qədər, təqribən 3 min metrlik yolun hər iki tərəfinə əllərində üçrəngli dövlət bayraqcıqları və I Avropa oyunlarının digər simvollarını tutmuş minlərlə Qəbələ sakinləri toplaşmış, bu əzəmətli izdihama rayonun bütün kəndlərindən ağsaqqallar, gənclər, məktəblilər, bir sözlə bütün qəbələlilər qatılmışdılar. Onların hamısının məqsədi I Avropa Oyunlarının tərkib hissəsi olan məşəl yürüşünün iştirakçısına çevrilmək, ən əsası bu möhtəşəm idman bayramının sevincinə qoşulmaq, yüksək səviyyəli tarixi hadisələrin Qəbələ həyacanını yaşamaq idi. Musiqi sədaları, çal-çağır ətrafı bürümüşdü. Məşəl dəniz kimi dalğalanan izdihamın alqış sədaları altında Qəbələyə çatdırılmış və yerli idmançı Anar Mustafayevə təqdim edilmişdir. İdmançılar əvvəlcədən müəyyən edilmiş marşrut üzrə məşəli bir-birinə ötürə-ötürə Heydər Əliyev parkına doğru yürüş etmişlər.
Məşəlçilər bayramsayağı bəzədilmiş Heydər Əliyev prospektindən, Səməd Vurğun və İsmayıl Bəy küçələrindən keçərək Heydər Əliyev parkına çatmışdır. Məşəli sonuncu gətirən yürüşçü Ehsan Nəzirov meydana toplaşan insanların alqışları altında “Atəşgah”da alovlandırılan məşəllə I Avropa Oyunlarının ərazi çırağını yandırmışdır. Sonra çıraq I Avropa Oyunlarının sonuna qədər Heydər Əliyev Mərkəzində saxlanılması üçün Qəbələ məktəblisi Bəhrəm Əhmədliyə təqdim olunmuşdur.
Bununla da məşəl yürüşünün rəsmi hissəsi başa çatmışdır. Bədii hissədə əvvəlcə I Avropa Oyunlarına start verilməsi məqsədilə ölkə başçısı cənab İlham Əliyev tərəfindən aprelin 28-də “Atəşgah”da yandıralan məşələ həsr olunmuş videoçarx nümayiş etdirilmiş, ardınca tamaşaçılara yerli folklor kollektivlərinin də çıxış etdiyi maraqlı, rəngarəng kompozisiya təqdim olunmuşdur. Festival atəşfəşanlıqla başa çatmış, Qəbələ şəhəri alovlanan məşələrin və atılan fişənglərin nuruna boyanmışdır.
Qəbələdə Avropa Oyunları ilə bağlı təşkil olunan bayram təntənəsi- yüksək səviyyəli idman festivalı uzun müddət yaddaşlardan silinməyən bir tarixə çevrilmişdir.