Qəbələdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunmuşdur.
BMT Baş Assambleyası tərəfindən 1950-ci ildə keçirilən “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin olunması ilə bağlı təkliflər səsləndirilmiş və 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi barədə qərar verilmişdir. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşmüşdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu əlamətdar gün Azərbaycanda da hər il qeyd edilir. İyunun 1-də Qəbələ şəhərindəki Heydər Əliyev Parkı da gül-çiçəklə bəzədilmiş, bayram libasına bürünmüşdü. Bayram şənliyinə toplaşan uşaqların sevinclərinin həddi-hüdudu yox idi. Tədbiri giriş sözü ilə açan uşaq yaradıcılıq mərkəzinin direktoru Rəfiqə Şirinova uşaqların beynəlxalq müdafiəsi günü haqqında bayram şənliyi iştirakçılarına ətraflı məlumat vermiş, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısının gücləndirilməsindən, uşaq problemlərinə diqqətin artırılmasından, uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi istiqamətində görülən işlərdən ətraflı danışmışdır. Sonra uşaq yaradıcılıq mərkəzinin bədii kollektivləri və incəsənət məktəbinin şagirdləri maraqlı konsert proqramı ilə çıxış etmişlər. Rayon icra hakimiyyətinin ictimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaşar Nəzirov uşaqları bu bayram münasibətilə təbrik etmiş, onlara xoş gələcək, aydın səma arzulamışdır.