Arıçılıq sürətlə inkişaf etdirilir.
Dağlıq və düzənlik əraziləri olan Qəbələdə iqtisadi baxımdan çox sərfəli sayılan arıçılığın inkişafı üçün münbit şərait vardır. Arıçılığın daha da inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan sahibkarların işinin əlaqələndirilməsi üçün Azərbaycan Arıçılar Birliyinin Qəbələ rayon şöbəsi yaradılmışdır. “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq rayonda görülən işlərin nəticəsidir ki, bu sahəyə maraq göstərən fiziki şəxslərin sayı ildən-ilə artır. Son bir ildə rayonda 34 fiziki şəxs fərdi arıçılıq təsərrüfatı yaratmış və 186 yeni arı ailəsi formalaşdırmışdır. Hazırda arıçılıqla məşğul olan fiziki şəxslərin sayı 630-a, arı ailələrinin sayı isə 1621-ə çatmışdır. Ötən il Qəbələ arıçıları 9 min 800 kiloqram bal istehsal etmişlər. Bu il isə arıçıların 12 min kiloqramdan çox məhsul əldə edəcəkləri gözlənilir. Bal toplanılmasına iyunun ortalarında başlanılacaqdır. Rayonun damazlıq təsərrüfatında arı ailələrinin sayının yaxın illərdə 2 dəfə artırılması nəzərdə tutulmuşdur.