Qəbələdə “Azərbaycan kubokunun final oyunu” keçirilmişdir
Mayın 3-də “Qəbələ” Futbol Klubunun Stadionlar Kompleksində “Azərbycan kubokunun final oyunu” keçirilmişdir. 5000-dən yuxarı tamaşaçının iştirak etdiyi final oyununda “Neftçi”- (Bakı) və “Qarabağ”-(Ağdam) komandaları öz güclərinin sınamışlar. Oyundan öncə stadionda tamaşaçılar üçün geniş konsert proqramı təşkil olunmışdır. Futbol üzrə ölkə çempionu olan “Qarabağ” və Premyer Liqanı 4-cü sırada başa vuran “Neftçi” komandaları arasındakı oyun gərgin idman mübarizəsi şəraitində keçmişdir. “Qarabağ” oyunun ilk hissəsində 2:0 hesabı ilə üstünlüyü əldə etmişdir. Komandanın braziliyalı legioneri Reynaldo oyunun 5-ci dəqiqəsində “Neftçi”nin qapısından ilk topu keçirərək hesabı açmış, görüşün 38-ci dəqiqəsində ikinci dəfə fərqlənməklə hesabı 2:0-a çatdırmışdır. İlk hissədə “Neftçi” futbolçuları bir neçə dəfə qol vurmaq imkanı əldə etsələr də, uğur qazana bilməmişlər. Oyunun ikinci hissəsi daha maraqlı və gərgin idman mübarizəsi şəraitində davam etmişdir. Qarşılaşmanın sonunda hər iki komanda fəallığı artırmış, “Nefçi”nin oyunçusu Ernest Nfor görüşün 77-ci dəqiqəsində hesab arasındakı fərqi azalda bilmişdir – 1:2. Lakin bu, oyunda sonuncu qol olmamışdır. Görüşün 83-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Muarem Muarem oyunda son nöqtəni qoymuş və, gərgin keçən qarşılaşma “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə başa çatmışdır. Bu qələbə ilə “Qarabağ” komandası dördüncü dəfə Azərbaycan Kubokunu qazanmışdır. Oyun başa çatdıqdan sonra stadionda Azərbaycan Kuboku yarışlarında fərqlənən futbolçular, hakimlər və məşqçilər mükafatlandırılmışdır. Sonda 2015-ci ilin futbol üzrə ölkə çempionu və Azərbaycan Kubokunun sahibi “Qarabağ” komandasının üzvlərinə qızıl medallar təqdim olunmuşdur. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə kuboku “Qarabağ” komandasının kapitanı Rəşad Sadıqova təqdim etmişdir. Mükafatlandırma mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.