I Avropa Oyunlarında “Qəbələ” İdman Klubu 17 idmançı ilə çıxış edəcəkdir.
İyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarında Avropanın 50 ölkəsini təmsil edən 6000-dən artıq idmançı 20 növdə 253 dəst medal uğrunda mübarizə aparacaqdır. Ölkəmizdə ilk dəfə təşkil olunan bu mötəbər idman yarışında yığmamızın heyətində ”Qəbələ” İdman Klubunun təmsilçilərinin də çıxış etməsi nəzərdə tutulmuşdur. Klubun 17 idmançısı Avropa Oyunlarının mükafatları uğrunda mübarizə aparacaqdır. Atletlərimizin 12 nəfəri döyüş növlərində qüvvələrini sınayacaqdır. İyunun 16-dan 19-dək Kristal Zalda keçiriləcək taekvondo yarışlarında 58 kq çəki dərəcəsində “Qəbələ”ni Məhəmməd Məhəmmədov təmsil edəcəkdir. İyunun 25-dən 28-dək Heydər Əliyev adına İdman Arenasında baş tutacaq cüdo yarışlarında isə “Qəbələ”nin 3 idmançısı tatami üzərinə çıxacaqdır. Kifayət Qasımova 57 kq və Ayşə Qurbanlı 48 kq çəki dərəcəsində qadınların, Uşangi Kokauri +100 kq çəki dərəcəsində kişilərin yarışında çıxış edəcəkdir. İyunun 22-də Heydər Əliyev adına İdman Arenasında keçiriləcək sambo yarışlarında “Qəbələ”nin 5 üzvü medallar uğrunda mübarizə aparacaqdır. Qadınların mübarizəsində Şəhanə Hüseynova 60 kq, Fəridə Qurbanova 64 kq və Nərmin Əlizadə 68 kq çəki dərəcələrində, kişilərin yarışında Amil Qasımov 74 kq və Vasif Səfərbəyov +100 kq çəki dərəcəsində çıxış edəcəkdir. İyunun 13-dən 14-dək Kristal Zalda “Qəbələ”nin iki karateçisi tatami üzərinə çıxacaqdır. Niyazi Əliyev 67 kq, Rafael Ağayev 75 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Klubun digər 5 idmançısı atıcılıq yarışlarında cıxış edəcəkdir. İyunun 16-dan 24-dək Bakı Atıcılıq Mərkəzində Emin Cəfərov, Paşa Əhədpur və Nurlana Cəfərova dairəvi stenddə, Elvin İsmayılovla Alina Parikxanova səngər stendində medallar uğrunda mübarizə aparacaqlar.