Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Milli Qurtuluş Günü qeyd olunmuşdur.

13 iyun 2015 | 15:00

Qəbələdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini ehtiramla yad etmişlər. Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan konfransda rayon icra hakimiyyətinin əmkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və YAP-nın fəalları iştirak etmişlər. Tarixi bayram münasibətilə konfrans iştirakçılarını təbrik edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev giriş nitqində 15 iyunun xalqımızın və dövlətçiliyimizin qorunması sahəsindəki əhəmiyyətindən ətraflı bəhs edərək bildirmişdir ki, Milli Qurtuluş Azərbaycanın yeni mərhələdə dövlət quruculuğunun, milli dövlətçilik ənənələrinin bərpa edilməsi və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsidir. Bu, tarixi hadisə Azərbaycanda 1990-cı illərin əvvəllərindən başlanmış milli dövlət quruculuğunun üzləşdiyi spesifik xüsusiyyətlərlə və tarixi şərtlərlə bilavasitə əlaqədar olmuşdur. Səbuhi Abdullayev qeyd etmişdir ki, məhz ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan üzləşdiyi təhlükələrdən qurtulmuş, xalqımızın taleyində dönüş anı baş vermişdir. Natiq vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin xalqımızın təkidi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etmiş, bu qayıdış ölkəni ağır durumdan çıxartmaqla yanaşı, müasir inkişafımızın, rifahımızın təminatı olmuşdur. Ölkədə sabitliyin bərqərar edilməsi ilə bütün sahələrdə uğurlu islahatlar həyata keçirilmiş, iqtisadi tənəzzülün qarşısı alınmışdır. Ümummilli liderin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm təməli olan müasir Azərbaycan cəmiyyəti qurulmuşdur. Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur. Hazırda Azərbaycanın sürətli və dinamik inkişafının məhz Qurtuluş Günü ilə başlamasını bir daha vurğulayan Səbuhi Abdullayev Heydər Əliyev siyasətinin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Natiq qeyd etmişdir ki, Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı ilk növbədə vətəndaşlarımızın rifahının yaxşılaşmasına xidmət edir, ölkə sürətli tərəqqi yolu ilə inamla addımlayır. Sonra konfransda rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova “Azərbaycanın Milli Qurtuluş Günü əbədiyaşar Heydər Əliyev zəkasının ən ali təntənəsidir” mövzusunda məruzə etmişdir. Tədbirdə “Qəbələ” qəzetinin əməkdaşı Qüdrət Səmədov, Məmmədağalı kənd tam orta məktəbin müəllimi Elşad Abdurahmanov 15 İyun - Milli Qurtuluş Gününün mahiyyəti, onun müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında rolu barədə cıxışlar etmişlər. Konfransı rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev yekunlaşdırmışdır.

Keçidlər