Əmək və əhalinin sosial müdafiəsi naziri Qəbələdə vətəndaşları qəbul etmişdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qəbələdə bu rayonun, eləcə də Şəki, Oğuz, Balakən, Zaqatala, Qax rayonlarının sakinlərini fərdi qaydada qəbul etmişdir. Qəbul zamanı vətəndaşlar əsasən dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri ilə təmin olunmaq, bərpa-müalicəyə kömək edilməsi, məşğulluğun və istehsalat xəsarətinə görə müavinətin təminatı, əmək hüquqlarının müdafiəsi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunma və digər məsələlərlə bağlı müraciət etmişlər. Hər bir müraciət nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə diqqətlə araşdırılaraq cavablandırılmışdır. Səlim Müslümov tərəfindən bir sıra müraciətlərdə qaldırılan məsələlərin qısa vaxt ərzində həllini tapması, ayrı-ayrı vətəndaşların bərpa-müalicəsinə kömək göstərilməsi, lazımi reabilitasiya avadanlıqları, əlilliyi olan şəxslərin sanator-kurort yollayışı ilə təmin olunması və s. barədə aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Nazir qəbul zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrasının uğurla davam etdirildiyini vurğulayaraq qeyd etmişdir ki, indi respublikanın demək olar ki, bütün bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün mənzillər tikilir. Eləcə də hazırda Bakıda 96 mənzilli, İmişli, Beyləqan rayonlarında hər biri 54 mənzilli, Şamaxı rayonunda 36 mənzilli yaşayış binaları inşa olunur. Bununla bərabər, Bakıda, Sumqayıtda, Gəncədə, Mingəçevirdə istismara hazır binalardan alınmış mənzillər təmir edildikdən sonra qeyd olunan təbəqələrə aid şəxslərin istifadəsinə veriləcəkdir. Digər tərəfdən, ölkənin regionlarında 379 fərdi ev, o cümlədən Qəbələ rayonunda 3, Şəki rayonunda 6, Oğuz rayonunda 5, Balakən rayonunda 3, Zaqatala rayonunda 16, Qax rayonunda 3 ədəd fərdi ev inşa olunduğunu bildirmişdir. Səlim Müslümov həmin binaların bu il ərzində istifadəyə veriləcəyini, bütün növbədə olan müharibə əlilləri və şəhid ailələrinin yaxın illərdə mənzillə təminatının həll ediləcəyini söyləmişdir. Ayrı-ayrı şəxslərin minik avtomobilinə tibbi göstərişinin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə onların müayinəsinin aparılması barədə göstəriş verən nazir bildirmişdir ki, müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin minik avtomobili almaq üçün növbədə sayının artması ilə əlaqədar şəffaflığın təminatına ciddi nəzarət edilir. Qəbul zamanı işə düzəlmək üçün müraciət edən şəxslərin məşğulluğunun təminatına yerindəcə kömək göstərilmişdir. Ünvanlı sosial yardım və əlillik təyinatı ilə bağlı müraciətlər azlıq təşkil etmişdir. Lakin həmin müraciətlərin obyektiv araşdırılması və konkret tədbirlərin görülməsi nəzərddə tutulmuşdur. Bir sıra müraciətlər isə nazirliyin fəaliyyət sahələrinə aid olmadığından onlar müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata götürülmüşdür.