Yeni maddi-mədəniyyət nümunələri tapılmışdır.
Qəbələdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən arxeoloji tədqiqatlar davam etdirilir. Qədim şəhərin Səlbir və Güllütəpə adlanan ərazilərində aparılan arxeoloji qazıntılar zamanı yeni maddi-mədəniyyət nümunələri tapılmışdır. Tədqiqat işləri İlyas Babayevin rəhbərliyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr şöbəsinin əməkdaşları tərəfindən aparılır. Tədqiqatlar nəticəsində ən cox diqqəti cəlb edən 10-larla küpdən ibarət taxıl anbarının və ilk dəmir dövrünə aid materialların aşkar olunmasıdır. Əldə olunan yeni eksponatlar Arxeoloji Mərkəzdə ən müasir texnologiyalarla təchiz edilmiş laboratoriyalarda bərpa olunduqdan sonra ekspozisiyaya qoyulacaq. Qeyd edək ki, qazıntılar zamanı tapılan 2 minə yaxın eksponat haqqında dövrü hesabatlar və tapıntı kitabları nəşr olunmuş və həmin nümunələr nümayiş etdirilmək üçün Arxeoloji Mərkəzə təqdim olunmuşdur.