Qəbələdə“Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum” keçirmişdir.
Qəbələ rayonunun Vəndam qəsəbəsində “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum” keçirmişdir. 100-ə yaxın sahibkarın iştirak etdiyi forumu açıq elan edən Qəbələ Rayon İcra Hakimiyyətinin sosial – iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Rahib Əhmədov qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirilməsi nəticəsində ölkəmiz hərtərəfli inkişaf etmişdir.
Qeyd olunmuşdur ki, iqtisadiyyatın neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də davamlı inkişafı daim ölkə başçısı tərəfindən diqqət mərkəzində saxlanılır. Diqqətə çatdırılmışdır ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə müvafiq qanunvericilik aktları təkmilləşdirilmiş, güzəştli kredit vəsaitlərindən səmərəli şəkildə istifadə etmək üçün sahibkarlara əlverişli şərait yaradılmışdır.
Daha sonra çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2015-ci ilin birinci yarımili ərzində 2972 sahibkara 97 milyon manat güzəştli kredit verilmişdir. Diqqətə çatdırılmışdır ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6600-a yaxın yeni iş yerinin yaradılmasına geniş imkanlar açmışdır.
Natiq ötən ilin müvafiq dövrü ilə müqayisə edərək diqqətə çatdırmışdır ki, bu il maliyyələşdirilmiş layihələrin sayı 13% artmışdır. Bu dövrdə güzəştli kreditlərin 86,2%-i aqrar sektorun, 13,8%-i müxtəlif sənaye və digər sahələrin inkişafına verilmişdir. Qeyd olunmuşdur ki, kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı komplekslərinin, cins iri heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir.
Forumda Qəbələdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilmiş, ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, tərəvəzçilik, taxılçılıq, balıqçılıq və arıçılıq təsərrüfatlarının, balın sənaye üsulu ilə emalı və qablaşdırılması, şirniyyat məhsullarının istehsalı və xalçaçılıq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmişdir.
İşgüzar forum çərçivəsində sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulmuş, qəbələ və ətraf rayonlardan olan 52 sahibkara 693 min manat güzəştli kredit verilmişdir ki, bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılmasının mümkünlüyü qeyd olunmuşdur.
Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, üzümçülük və s. sahələrin inkişafı üçün planlaşdırılmışdır. Forumda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılmış, onlara nümunəvi layihələr haqqında məlumatlar verilmiş, metodiki materiallar paylanmışdır.
Forum çərçivəsində Qəbələ rayonunun Böyük Əmili kəndində güzəştli kredit ayrılmış ildə 2,2 min ton quş əti istehsal etmək gücündə olan müəssisəyə baxış keçirilmişdir.