Gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyi və gənc xilasedicilərin 3-cü beynəlxalq yarışın qalibləri mükafatlandırılıb.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10-cu ildönümü münasibətilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə dəstəyi ilə keçirilən gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyi və gənc xilasedicilərin 3-cü beynəlxalq yarışın bağlanış mərasimi keçirilmişdir..
Qəbələ rayonundakı “Yeddi Gözəl” otelində təşkil olunan yekun tədbirdə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Təhsil naziri Mikayıl Cabbarov, Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.
İlk öncə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov yarışın keçirildiyi ərazidə komandaların üzvləri ilə görüş keçirərək onların sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı və qidalanması üçün yaradılan şəraitlə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıb. Sonra komandalar şərti olaraq “Yeddi Gözəl” otelində baş verən yanğının söndürülməsi, oteldə köməksiz vəziyyətdə qalan, göldə boğulmaq təhlükəsi olan, dərin quyuya düşən insanın xilas edilməsi əməliyyatını uğurla başa vurublar.
Daha sonra Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan mükafatlandırma mərasimi təşkil olunub. Məlumat verilib ki, FHN-nin yaradılmasının 10 illik yubileyi münasibətilə əvvəlcə Azərbaycanın müxtəlif bölgələrində gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyinin zona yarışları keçirilib, orada yüksək nəticə əldə edən komandalar finala vəsiqə qazanıblar. Qeyd olunub ki, bu yarışın iştirakçısı olan 17 şəhər və rayonun komandası, eləcə də Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Belarus, Gürcüstan, Qazaxıstan və Moldovadan olan təmsilçilər beş mərhələdə- “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə birincilik uğrunda mübarizə aparıblar. Mərasimdə Qəbələdə keçirilən gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyi və gənc xilasedicilərin 3-cü beynəlxalq yarışının final mərhələsi haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib. Sonra yarışda iştirak edən yerli və xarici komandaların üzvlərinin öz milli rəqs və mahnılarını ifa etmələri mərasimə xüsusi rəng qatıb.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovu və nazirliyin bütün kollektivini 10 illik yubiley münasibətilə təbrik edərək, çətin və şərəfli işlərində onlara uğurlar arzu ediblər. Natiqlər bildiriblər ki, bu yarışın hər il keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliğindən ibarətdir. Yeniyetmə və gənclər bu yarış vasitəsilə fövqəladə hallar zamanı necə davranmaq qaydalarını öyrənirlər və onlarda bu sahəyə böyük maraq yaranır. Belə yarışların keçirilməsi gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açır. Əcnəbi gənc xilasedicilər bu cür yüksək səviyyəli tədbirin keçirilməsinə görə Azərbaycanın Fövqəladə hallar nazirinə təşəkkür ediblər.
Nazir Kəmaləddin Heydərov ümumrespublika yarışlarının qalibi adını qazanan Siyəzən rayon komandasına və beynəlxalq yarışın qalibi olan Rusiya komandasına mükafatları təqdim edib, gənc yanğınsöndürən və xilasedicilərə uğurlar diləyib.
Məlumat verilib ki, beynəlxalq yarışda birinci yeri Rusiya, ikinci yeri Azərbaycan, üçüncü yeri Belarus komandaları tutublar. Respublika yarışlarında isə Siyəzən komandası birinci, Bakının Nizami rayon komandası ikinci, İsmayıllı komandası üçüncü yerə çıxıblar.