Qəbələdə "Azərbaycan milli mətbuatı-140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda regional konfrans keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan milli mətbuatı-140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda regional konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. Qəbələ şəhərində. “Qafqaz Sport” hotelin konfrans zalında keçirilən regional konfransda rayon icra hakimiyyətlərinin məsul əməkdaşları, paytaxt Bakıda və bölgələrdə fəaliyyət göstərən 25-ə yaxın qəzetin redaktorların iştirakı təmin olunmuşdur.
Konfransı Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev açaraq milli mətbuatımızın 140 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərən “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən bəhs edən Ərəstun Mehdiyev bildirib ki, 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan və cəmi 56 nömrəsi çıxan “Əkinçi” həm də dövrün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı və carçısı olub, ziyalıları vahid azərbaycançılıq ideyası ətrafında birləşdirərək bir araya gətirib.
Ərəstun Mehdiyev “Əkinçi” qəzetinin təsisçisi Həsən bəy Zərdabinin millətimiz qarşısındakı xidmətlərindən danışıb. Ölkəmizdə KİV nümayəndələrinə göstərilən dövlət qayğısından, son illər medianın inkişafı istiqamətində görülən işlərdən danışan Ə.Mehdiyev milli mətbuatın 5 ildən bir yubileylərinin keçirilməsini ölkə rəhbərliyinin jurnalistlərə böyük diqqəti kimi dəyərləndirib. O bildirib ki, dövlət hazırda Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə mediaya şəffaf dəstək verir. Natiq qeyd edib ki, Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından sonra ölkəmizdə mətbuat daha sürətlə inkişaf etməyə başlayıb. Mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamına diqqəti cəlb edərək bildirib ki, bu sənədə uyğun olaraq hazırda respublikamızda milli mətbuatın yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində gördüyü işləri xatırladan Ərəstun Mehdiyev bunun davamlı olacağını diqqətə çatdırıb.
Daha sonra cıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev milli mətbuatin yubleyinə həsr olunmuş bu kimi mötəbər regional konfransın keçirilməsi üçün böyük maarifçilərin vətəni, tarixi və füsunkar Qəbələ şəhərini seçdiklərinə görə tədbir təşkilatçılarına qəbələlilər adından öz minnətdarlığını ünvanlayıb. Qeyd olunub ki, mətbuat hər bir cəmiyyətin, o cümlədən Azərbaycan cəmiyyətinin həyatının informasiya ilə təmin edilməsində, ictimai-siyasi proseslərin işıqlandırılmasında, insanların maarifləndirilməsində, bütövlükdə ölkəmizin mədəni səviyyəsinin yükəsldilməsində əhəmiyyətli rol oynayır.
Diqqətə çatdırılıb ki, müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan xalqımızın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuat və informasiya sahəsində də demokratik prinsiplərə əməl olunur, fikir və söz azadlığı, siyasi plüralizm dövlət siyasətinin əsasını təşkil edir. Məhz bu siyasətin nəticəsidir ki, ölkədə hazırda beş yüzdən çox qəzet və jurnal, informasiya agentlikləri, teleradio şirkətləri və s. orqanlar azad, sərbəst surətdə fəaliyyət göstərir. Bildirilib ki, uğurla həyata keçirilən dövlət siyasəti nəticəsində milli mətbuatımız dövlətçiliyimizin möhkəmləndirilməsinin təbliği istiqamətində cəmiyyətin əvəzolunmaz və gündəlik tələbat prioritetinə çevrilmişdir.
Sonda tədbir iştirakçılarına əlamətdar gün münasibətilə öz təbrik və xoş arzularını ifadə edən RİH-nin başçısı ölkəmizdə və dünyada baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında, eləcə də Azərbaycanda gedən demokratik dəyişikliklərin beynəlxalq aləmdə şərh edilməsində mətbuat işçilərinə obyektivlik, yüksək peşakarlıq və əsl vətəndaşlıq mövqeyi arzulamışdır.
Regional konfransda Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev mövzu ətrafında məruzə ediblər. Natiqlər milli mətbuatımızın keçdiyi tarixi yola nəzər salaraq müasir jurnalistikanın, region mətbuatının qarşısında duran vəzifələrdən danışaraq bu gün milli mətbuatımıza, jurnalistlərə göstərilən dövlət qayğısından söz açıblar.
Konfransda iştirak edən icra hakimiyyətləri başçılarının müavinləri, yerli qəzetlərin redaktorları çıxış edərək region mətbuatının hazırki vəziyyətindən, son dövrlərdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Sonda Azərbaycan milli mətbuatının keçdiyi həyat yolu ilə bağlı videoçarx nümayiş olunub.