Peşə məktəbini bitirən mütəxəssislərə diplomlar təqdim olunmuşdur.
Ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisi bütün sahələrdə yüksək ixtisaslı kadrların hazırlanmasına tələbatı günü-gündən artır. Bunun nəticəsi olaraq əmək bazarının tələblərini nəzərə alınır və rəqabət qabiliyyətli ixtisaslar üzrə kadrların hazırlanması istiqamətində peşə təhsili sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Rayonda fəaliyyət göstərən Qəbələ Peşə məktəbi də məhz belə məktəblərdən biridir.
Peşə məktəbində çilingər-santexnik, traktorçu-maşinist, elektrik avadanlığının təmiri xidməti üzrə elektrik montyoru və dərzi ixtisasları üzrə dərslər tədris olunur. Bu gün məktəb tərəfindən 2014-2015-ci tədris ilini ixtisas qrupları üzrə müvəffəqiyyətlə başa vurmuş 65 nəfər məzuna diplomlar təqdim olunmuşdur.
Son illərdə məktəbi bitirən gənc mütəxəssislər Qəbələ Beynəlxalq Hava Limanı, Aqrolizinq, Üzümçülük, “Qəbələ Aqrar Tikinti” ASC, Suvarma Sistemləri idarəsi, rayon Telekommunikasiya qovşağı, Su-kanal idarəsi, 11 saylı Yol-istismar idarəsi, Qəbələ Kommunal Müəssisələri Kombinatı, “Qəbələnd” əyləncə mərkəzi, Qəbələ Konserv zavodu, Qəbələ Elektrik şəbəkəsi, Qaz İstismar sahəsi həmçinin rayonda fəaliyyət göstərən müxtəlif turizm-istirahət obyektlərində və digər müəssisələrdə daimi işlə təmin olunurlar. Bunun nəticəsi olaraq peşə təhsilinə yiyələnmək üçün məktəbə müraciət edənlərin sayı ildən ilə artır.
2015-2016-ci tədris ilində məktəbdə tam orta təhsil bazasından; əməliyyatçı-mühasib, kompyuter operatoru, çilingər-santexnik, traktorçu-maşinist, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, telefon rabitəsi və radiolaşdırmanın xətt qurğularının elektromontyoru, ümumi orta təhsil bazasından; tikiş istehsalatı-dərzi və elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru ixtisasları üçün şagird qəbulu planlaşdırılır.
Növbəti tədris ilində həmçinin rayonun əmək bazarının təlabatı nəzərə alınaraq məktəbdə ödənişli əsaslarla qısamüddətli kursların fəaliyyəti də nəzərdə tutulmuşdur.
Peşə məktəbində yeni tədris ili üçün sənəd qəbuluna başlanılmışdır.