“Qəbələ” UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinə adladı.
İyulun 23-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycanın “Qəbələ” komandası evdə Serbiyanın “Çukariçki” kollektivini qəbul edib.
Bakı şəhərində “Bakcell Arena”da keçirilən oyunda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnıy, Rafael Santos, Urfan Abbasov, Rikardiniyu, Rəşad Sadiqov, Cavid Hüseynov, Aleksey Qay, Sergey Zenev, Aleksey Antonov, Vojislav Stankoviç və Samir Zərgərov yer alıblar.
“Çukariçki”nin ilk on birliyində isə Nemanya Stevanoviç, Lukas Plasentin, Filip Stoykoviç, Boyan Ostoiç, Rayko Brejançiç, Draqolyub Srniç, Branislav Yankoviç, Petar Boiç, Nikola Stoilkoviç, Andriya Pavloviç və Slavolyub Srniç meydana çıxıblar.
Oyunu çexiyalı baş hakim Radek Prjixoda idarə edib. Ona həmyerliləri İvo Nadvornik, Yakub Qrabovski və Pavel Orel kömək ediblər. Görüşün UEFA nümayəndəsi isveçli Per Svard, hakim-inspektoru isə İsveçrə təmsilçisi Andreas Şluxter olub.
“Qəbələ” komandasının hücumları şəraitində keçən oyunun ilk hissəsində komandamız hesabda irəli çıxıb - 1:0. Azərbaycan təmsilçisinin heyətində 39-cu dəqiqədə Sergey Zenev fərqlənib. Beləliklə “Qəbələ” klubu fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.
İkinci hissə də “Qəbələ” futbolçularının rəqib qapısında təhlükəli hücumlar təşkil etməsi ilə başlayıb. Bu hücumlar 53-cü dəqiqədə öz bəhrəsini verib və S.Zenev rəqib qapısından ikinci qolu keçirərək dubla imza atıb. Bu hissədə daha sürətli oyun göstərən komandalar qapılar qarşısında bir neçə təhlükəli vəziyyətlər yaradıblar. Oyunda komandamızı əks-hücumda yaxalamağa çalışan serbiyalı futbolçuların cəhdləri boşa çıxıb. Sonrakı dəqiqələrdə komandalar qarşılıqlı hücumlar etsələr də hesab dəyişməyib və “Qəbələ” klubu 2:0 hesabı ilə qalib gəlib. “Qəbələ”nin baş məşqçisi 70-cı dəqiqədə Samir Zərgərovun yerinə meydana Arif Daşdəmirovu, 90-cı dəqiqədə isə Aleksey Antonovun yerinə Dodonu çıxarıb.
Xatırladaq ki, komandalar arasında Belqradda təşkil olunan ilk oyunda “Qəbələ” komandası 0:1 hesabı ilə məğlub olmuşdu.
Beləliklə, iki oyunun nəticəsinə görə qalib çıxan “Qəbələ” klubu üçüncü təsnifat mərhələsinə adlayıb. Bu mərhələdə komandamızın rəqibi “Apollon” (Kipr) klubu olacaq.