Qəbələdə keçirilən kamera musiqisi konsertində Azərbaycan və alman bəstəkarlarının əsərləri səsləndirilib.
Qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edir. Səkkiz ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünya şöhrətli musiqiçilərlə yanaşı gənc ifaçılar da səhnəyə çıxırlar.
Tamaşaçılara unudulmaz musiqi bayramı həyəcanı yaşadan musiqi festivalının proqramına uyğun olaraq iyulun 28-də Heydər Əliyev adına Konqres Mərkəzində növbəti kamera musiqisi konserti keçirilib. Əməkdar artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılovanın (vokal), beynəlxalq müsabiqələr laureatı olan gənc musiqiçilər-Fərhad Qarayusiflinin (dirijor), Səidə Tağızadənin (piano), Aslan Aslanovun (piano). Kənan Mailovun (violin), Asim Xəlilovun (violonçel) iştirak etdiyi konsertdə tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Adilə Yusifovanın simli kvartet, fortepiano, soprano, qoboy və balaban üçün yazdığı “Xəyallarımdakı şəhər”, “7 çinar” və “Yaz mahnısı”, eləcə də məşhur alman bəstəkarı Yohanes Bramsın əsərləri səsləndirilib.