Qəbələdə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub.
Heydər Əliyev Fondunun möhtəşəm tədbiri olan Qəbələ VII Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
Festivalın proqramına uyğun olaraq iyulun 28-də Heydər Əliyev adına Konqress Mərkəzində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Dövlət Gənclər Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, əməkdar incəsənət xadimi, Xalq Artisti, Prezident mükafatçısı Teymur Göyçayevin dirijorluğu ilə keçən konsertdə dahi bəstəkar Ü.Hacıbəylinin “Arazbari”, F.Əmirovun “1001 gecə” baletindən Mərcanın rəqsi, S.İbrahimovanın fortepiano və orkestr üçün 5-ci konserti, V.A.Motsartın “Divertisment in B”, D.Şostakoviçin fortepiano və orkestr üçün 1-ci konserti təqdim edilib.
Konsertdə yerli və xarici tamaşaçılara məlumat verilib ki, Azərbaycan musiqisinin klassikləri olan Q.Qarayev və F.Əmirovun təşəbbüsü ilə 1964-cü ildə yaradılan Azərbaycan Dövlət Kamera Orkestrinin ilk baş dirijoru və bədii rəhbəri Xalq Artisti, dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 40 ildən çox davam edən fəaliyyəti zamanı dünyanın bir çox şəhərlərində, beynəlxalq nüfuzlu festivallarda iştirak edib. Orkestrin repertuarına Qərbi Avropa, Rusiya və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. 1998-ci ildən Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Teymur Göyçayevdir.
Həmçinin, konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadənin (piano) və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundovanın (piano) çıxışı maraqla qarşılanıb.