Qəbələ rayonunda 2015-ci ilin birinci yarısınının sosial-iqtisadi inkişafının yekunlarına dair geniş hesabat yığıncağı keçirilmişdir.
Qəbələ rayon icra hakimiyyətinin akt zalında Qəbələ rayonunda 2015-ci ilin Iyarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə dair geniş hesabat yığıncağı keçirilmişdir. Müşavirədə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli inzibati ərazi nümayəndələri, bələdiyyələr, sahibkarlar və qeyri hökümət təşkilatlarının rəhbərlərinin iştirakı təmin olunmuşdur. Müşavirəni açıq elan edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev hesabat məruzəsində 2015-ci ilin I yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən söz açmışdır.
Diqqətə çatdırılmışdır ki, 2015-ci ilin birinci yarısında Qəbələ rayonunda da sosial-iqtisadi sahədə görülən işlər uğurla davam etmişdir. Qeyd olunmuşdur ki, cari ilin birinci yarısında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 69.676 min manatlıq məhsul istehsal edilmiş, keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 2.312 min manat, yaxud 29,1 faiz, kənd təsərrüfatında 404 min manat, yaxud 2,1 faiz, nəqliyyatda 104 min manat, yaxud 21,4 faiz, rabitədə 88 min manat, yaxud 17,7 faiz, ticarətdə 736 min manat, yaxud 12,8 faiz artmışdır. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 681 manat, sənaye müəssisələrində çalışan 850 nəfər işçinin orta aylıq nominal əmək haqqı 435 manat təşkil etmişdir.
Bildirilmişdir ki, 2003-cü ilin oktyabr ayından 01 iyul 2015-ci ilədək 13.189 yeni iş yeri açılmışdır ki, ondan 11.141-i daimi iş yeridir. Hesabat dövründə 493 yeni iş yeri açılmışdır.
Əsas kapitala yönəlmiş investisiyanın həcmi 22.351 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 20.987 min manat təşkil etmişdir.
Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.
Yarım il ərzində bübün növ istehlakçı qruplar tərəfindən 51.360,6 min kvt/saat elektrik enerjisi istehlak edilmiş, 3.081,6 min manata qarşı2.561,9 min manat vəsait toplanaraq yarımillik yığım planı 83,1 faiz yerinə yetirilmişdir.
Təbii qaz istehlakçıları tərəfindən 27.405 min kub/metr təbii qaz istehlak edilmiş, 2.740,5 min manata qarşı 2.463,9 min manat vəsait toplanaraq ümumi yığım məbləği 89,9 faiz təşkil etmişdir.
Qəbələ Su-kanal İdarəsi tərəfindən “Qaraçay” və “Duruca” su mənbələrində yerləşən anbarlar lil və qumdan təmizlənmiş, cari təmir işləri görülmüşdür. Şəhərin H.Əliyev, Axundov, İsmayıl bəy, Nəsimi və M. Mərdanov küçələrində aparılan abadlıq işləri ilə əlaqədar mövcud su təchizatı və kanalizasiya xətlərində müxtəlif diametrli borular dəyişdirilmiş, təmir-bərpa işləri aparılmışdır.
Qeyd olunmuşdur ki, Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına Qəbələ rayonu üzrə 12 subartezian quyusunun istismara verilməsi nəzərdə tutulmuşdur. Bunlardan 5 subartezian quyusu istismara verilmiş, 7-nin isə qazılması istiqamətində işlər davam etdirilir.
Qəbələ rayon 11 saylı Yol İstismar İdarəsi tərəfindən 310,6 min manatlıq cari təmir və yolların saxlanması işləri görülmüşdür.
Qəbələ Telekommunikasiya qovşağı 590 min manat tarif gəliri proqnozuna qarşı 593,5 min manat gəlir əldə etmiş, proqnoz tapşırığa 100,5 faiz əməl etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz, yəni 6,3 min manat artıq gəlir əldə edilmişdir.
“Azərpoçt” MMC-nin Qəbələ filialı 115,3 min manata qarşı 118,9 min manatlıq poçt-rabitə xidməti göstərərək proqnoz tapşırığı 103,1 faiz yerinə yetirmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 min manat çox olmuşdur.
Qəbələ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində hal-hazırda 3.577 hərəkətdə olan sosial müavinət və təqaüd işi vardır. Həmin müavinətlərin və təqaüdlərin ödənilməsi üçün tələb olunan vəsaitin orta aylıq məbləği 270,8 min manat təşkil edir.
Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsi tərəfindən 2015-ci ilin birinci yarısında gəlirlər üzrə proqnozda nəzərdə tutulmuş 4.099,1 min manata qarşı 3.688,7 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq, proqnoz tapşırığa 90 % əməl olunmuşdur.
Rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün 289 min kub/metr suvarma kanalları lildən, daşqın və selə qarşı mübarizə məqsədilə 563 min kub/metr çay məcrası daş və qumdan təmizlənmiş, 153 kub/metr qabion bəndi vurulmuş, 1517 kub/metr daş beton bəndi cari təmir edilmişdir.
2015-ci ilin 6 ayı ərzində Qəbələ şəhər 5 saylı tam orta məktəb binası, “Tufandağ” dağ-xizək yay-qış istirahət kompleksinə daxil olan Xizəkçilik mərkəzi və “Tufandağ” otel və YAP Qəbələ Rayon Şöbəsinin inzibati binası obyektlərində tikinti-quraşdırma işləri başa çatdırılmışdır.
Hazırda Qəbələ Futbol Akademiyası və Stadionlar kompleksi, Dəmiraparan çayı üzərində 10 aşırımlı 324 p/metr uzunluqda dəmir – beton körpü, “Aquapark” istirahət kompleksi, “Qolf klub” kompleksi, “Tufandağ” dağ xizək yay-qış istirahət kompleksi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binası, “Qrand siti” otel binası, rayon məhkəməsinin inzibati binası, rayon prokurorluğunun inzibati binası, Savalan kəndində “Raftinq Mərkəzi”, “Laza” sərhəd zastavası, Nohur gölü ərazisində “Otellər Kompleksi”, Gömrük Akademiyası, “Asan” xidmətin Qəbələ rayon filialı, atçılıq mərkəzi, kənd təsərüfatı idarəsinin inzibati binası, Qəbələ şəhərində 100 yerlik uşaq bağçası, Qəmərvançay üzərində 1 aşırımlı 36 p/metr uzunluqda dəmirbeton körpü, Dəmiraparançayın sağ sahilində 1350 p/metr uzunluqda dəmir beton bəndində işlər davam etdirilir.
Bildirilmişdir ki, 2015 –ci ildə Qəbələ Peşə Məktəbinin yeni binasının, rayon mərkəzi xəstəxanası kompleksinin, Yengicə su anbarının, Qəbələ şəhərində 1 ədəd 120 yerlik uşaq bağçası binası və Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu obyektlərinin tikintisinə başlanılması nəzərdə tutulmuşdur.
Hal-hazırda şəhərin S.Ə.Şirvani,İ.Qayıbov və Musabəyov küçələrində abadlıq işləri davam etdirildiyi qeyd olunmuşdur.
Rayon təhsil şöbəsi 2014-2015-ci dərs ilini yüksək nəticələrlə başa vurmuş, IX siniflər üzrə buraxılış imtahanlarının nəticələri 59,7 faiz, XI siniflər üzrə isə 57,9 faiz olmuşdur. Məktəblərdən şəhər 1, 2, 3, 4, 5-saylı, Vəndam qəsəbə 1, 2 saylı, Həmzəli, Bunud, Zarağan 2 saylı, Nohurqışlaq, Tüntül, Daşca, Aydınqışlaq, Hacıalılı kənd tam orta məktəblərində təlim-tərbiyə işinin keyfiyyəti daha yüksək olmuşdur.
2015-ci ilin 6 ayı ərzində gənclər və idman idarəsi tərəfindən 36 tədbir həyata keçirilmişdir. Bunlardan 19 tədbir gənclərlə iş sahəsini, 17 tədbir isə kütləvi bədən tərbiyyəsi və idman sahəsini əhatə etmişdir.
Diqqətə çatdırılmışdır ki, 2015-ci ilin birinci yarımili Azərbaycan üçün son dərəcə əhəmiyyətli və əlamətdar olan “Bakı-2015” I Avropa Oyunlarının keçirilməsi ilə yaddaqalan olmuşdur. Bildirilmişdir ki, bu mötəbər tədbirin iştirakçıları arasında “Qəbələ” İdman Klubunun idmançıları da öz güclərini sınamışlar. Belə ki, 6 idman növü üzrə (taekvondo, cüdo, boks, sambo, karate, atıcılıq) yarışa qatılan idmançılarımız boks üzrə 1 qızıl, karate üzrə 1 qızıl və 1 bürünc, sambo üzrə 2 gümüş medal qazanmışlar.
Qeyd olunmuşdur ki, rayonun kənd təsərrüfatı sahəsində də əhəmiyyətli dirçəliş hiss edilir. Bu sahədə Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Sərəncamda kənd təsərrüfatı məhsulları istehsalçılarına büdcə vəsaiti hesabına yardımların verilməsi nəzərdə tutulur.
Həmin sərəncamın icrası ilə əlaqədar olaraq rayonda 2014-cü ilin sonunda torpaq mülkiyyətçilərinə dövlət büdcəsinin vəsaiti hesabına 498551 manat yardım hesablanmış və həmin vəsait bu ilin birinci rübündə plastik kartlar vasitəsilə sahiblərinə çatdırılmışdır. Bundan əlavə rayon komissiyası tərəfindən cari ilin iyun ayında rayonun 1729 nəfər torpaq mülkiyyətçisinə əkin sahələrinin becərilməsinə görə 1.103.442 manat yardım hesablanmış və sənədlər aidiyyəti üzrə Respublika Komissiyasına təqdim edilmişdir.
2015-ci ilin məhsulu üçün rayonda 21300 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir ki, onun da 14015 hektarını buğda, 7285 hektarını isə arpa sahələri təşkil etmişdir. Taxıl sahələri biçilmiş və 64645 ton məhsul istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq 30,3 sentner təşkil etmişdir.
Torpaq sahibləri tərəfindən cari ilin məhsulu üçün 1159 hektar kartof, 2097 hektar tərəvəz əkilmişdir. İndiyədək həmin sahələrdən 148 ton kartof, 199 ton tərəvəz məhsulu toplanmışdır. Sahələrdən məhsul toplanışı davam edir.
Heyvandarlıq sahəsində də əhəmiyyətli dirçəliş hiss edilir. Hazırda rayon üzrə iribuynuzlu mal-qaranın sayı 48270 baş, qoyun-keçilər 218.540 baş, donuzların sayı 1042 baş olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalı xeyli artmışdır. Belə ki, ət istehsalı 2573 tona, süd istehsalı 17907 tona, yumurta istehsalı 5912 min ədədə, yun istehsalı isə 310 tona çatdırılmışdır.
Rayonda 2 müasir heyvandarlıq kompleksləri fəaliyyətə başladıqdan sonra rayon əhalisinin ətə və südə olan tələbatının ödənməsində ciddi müsbət dəyişikliklər baş vermişdir.
2015-ci ilin birinci yarısında informasiya-kommunikasiya texnologiyaları şəbəkələrinin genişləndirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Rayon icra hakimiyyətində müasir informasiya texnologiyalarından istifadə olunmasının zəruriliyi nəzərə alınaraq, vətəndaşların müraciətlərinə baxılmasının operativliyini təmin etmək məqsədilə elektron poçtlar yaradılmışdır. Elektron ünvanlara göndərilən ərizə və şikayətlər dərhal araşdırılaraq, onlar barədə müvafiq tədbirlər görülür.
Qeyd olunmuşdur ki, cari ilin birinci yarısı ərzində rayon icra hakimiyyətinə ümumilikdə 382 ərizə daxil olmuşdur. Daxil olan ərizələrdən 122-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 22-i Milli Məclisdən, 6-ı Nazirlər Kabinetindən, 33-ü mərkəzi icra hakimiyyəti orqanlarından, 199-u isə vətəndaşlardan daxil olmuşdur.
Ərizələr əsasən fərdi yaşayış evlərinin tikintisinə dair icazənin verilməsi, mənzillə təmin olunmaq, müalicəyə göndərilmək, ünvanlı dövlət sosial yardımının təyin edilməsi, birdəfəlik maddi yardımın verilməsi, işlə təmin olunmaq və s. mövzularda yazılmışdır.
Daxil olan ərizələr ətraflı öyrənilərək hər birinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavab verilmişdir.
Görülmüş işlərin nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin birinci yarısında daxil olan ərizələrinin sayı 54 ədəd azalmışdır. Eləcə də 2015-ci ilin birinci yarısında 404 nəfər vətəndaş rayon icra hakimiyyəti başçısının qəbulunda iştitak etmişdir. Bir qayda olaraq vətəndaşların müraciətləri ilə bağlı cavabdeh şəxslər tərəfindən lazımi tədbirlər görülmüş, onların haqlı tələbləri qanunamüvafiq qaydada yerinə yetirilmişdir.
2015-ci ilin ötən dövründə rayon icra hakimiyyəti başçısının 24 səyyar görüş-qəbulu keçirilmişdir. Qəbullarda 3145 nəfər iştirak etmiş, onlardan 192 nəfər çıxış edərək müxtəlif səpkili təkliflər irəli sürmüşlər.
İrəli sürülən tələblərin və müraciətlərin 184-ü həll edilmiş, 14 məsələnin həlli isə respublikaının digər aidəyyəti təşkilatları tərəfindən icra edilməli olduğuna görə həmin müraciətlərlə əladar onların qarşısında təkliflər qaldırılmışdır.
Bunlar əsasən yaşayış məntəqlərinə qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, yolların asfaltlaşdırılması, yeni məktəb binalarının, səhiyyə, mədəni-maarif ocaqlarının, körpülərin tikintisi, subartezian quyularının qazılması və dağ çaylarında sahilbərkitmə işlərinin aparılması ilə bağlı olmuşdur.
Hesabat yığıncağında rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Rahib Əhmədov, Maliyyə idarəsinin rəisi Namiq Ağayev, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Arzu Hacıyev, DSMF-nun rayon şöbəsinin müdiri Ariz Məmmədov çıxış edərək təmsil etdikləri sahədə görülmüş işlər barədə məlumat vermişlər.
Yekunda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev idarə, təşkilat və müəssisə rəhbərlərinə cari tapşırıqlarını və tövsiyələrini vermişdir.