Qəbələ VII Beynəlxalq Musiqi Festivalında dünya şöhrətli pianoçu Aleksandr Qindinin konserti olub.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VII Beynəlxalq Musiqi Festivalı günlərində Qəbələdə böyük izdiham yaşanır, xüsusi abu-hava hökm sürür. Gözəl bir musiqi bayramına çevrilən festivalın proqramına uyğun olaraq iyulun 29-da Heydər Əliyev adına Konqress Mərkəzində Azərbaycan və Rusiya pianoçularının konserti olub.
Mərkəzin kamera zalında bir çox beynəlxalq müsabiqələrin qalibi, Stokholmda keçirilən İsveç Kral Festivalının və “Ermitaj” solistlər ansamblının bədii rəhbəri olan dünya şöhrətli rusiyalı pianoçu Aleksandr Qindinin konserti böyük tamaşaçı marağına səbəb olub.
Həmçinin, bir sıra yerli və beynəlxalq müsabiqələrin qalibi, festivalların iştirakçısı olan Səidə Tağızadə (piano) və Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Simli Kvartetinin üzvü Aleksey Miltıx (violonçel) bəstəkar A.Skryabın və S.Raxmaninovun fortepiano və violonçel üçün yazdığı əsərləri səsləndiriblər. Konsertdə ifa olunan klassik əsərlər musiqisevərlərin zövqünü oxşayıb.