Qəbələ VII Beynəlxalq Musiqi Festivalında ABŞ, İngiltərə, Rusiya və Ukrayna musiqiçilərinin konserti böyük tamaşaçı marağına səbəb olub.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 30-da Heydər Əliyev adına Konqress Mərkəzində Azərbaycan, ABŞ, İngiltərə, Rusiya və Ukraynanın tanınmış violin, violonçel və pianoçularının konserti olub.
“Kiyev solistləri” Milli Kamera Ansamblının bədii rəhbəri, “Candia Piano Trio” Ansamblının təsisçisi olan ukraynalı Aleksey Yasko (violin), bir çox beynəlxalq festival və müsabiqələrin iştirakçısı ingiltərəli Tomas Blax (piano) və rusiyalı Aleksandr Rojdestvenski (violin), “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, “Grammy” mükafatı laureatı olan violonçel ifaçısı, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski (ABŞ-Rusiya), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının müəllimi, bir sıra beynəlxalq müsabiqələrin qalibi Taras Yaropud (violin), Ukraynanın “Chamber Art Music” Beynəlxalq Festivalının bədii rəhbəri Yuri Poqorejski (violonçel) və 40-dan çox ölkənin simfonik orkestri və dirijorları ilə çıxış edən tanınmış pianoçu Oksana Yablonskayanın (ABŞ-Rusiya) iştirak etdiyi konsertdə Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Konsertdə böyük ustalıqla ifa olunan P.İ.Çaykovskinin, Ç.Koreanın, J.Enescunun, L.V.Bethovenin klassik əsərləri musiqisevərlərin zövqünü oxşayıb.