Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Azərbaycanda Koreya Kinosu Festivalı”nın açılış mərasimi olub.

08 avqust 2015 | 01:00

Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Koreya Fondunun təşkilatçılığı, Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə avqust ayının 7-də Qəbələ rayonunda  “Azərbaycanda Koreya Kinosu Festivalı”nın açılış mərasimi olub. 
Avqustun 7-dən 15-dək davam edəcək festivalda Koreyanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və adət-ənənələrindən bəhs edən 10 film nümayiş olunacaq. Festival iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşavir elçisi Ça Çanq Sun, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının Beynəlxalq əlaqələr və tədris şöbəsinin müdiri İradə Nəcəfova, Qəbələ rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri- başçısının müavini, Ətayə Osmanova çıxış edərək Azərbaycan və Koreya münasibətlərindən, xalqlarımız arasındakı oxşar cəhətlərdən danışıblar. “Azərbaycanda Koreya Kinosu Festivalı”nın əhəmiyyətindən söz açan natiqlər bu lahiyənin yüksək səviyyədə reallaşmasına görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər. Məlumat verilib ki, festival çərçivəsində bugünədək Gəncə, Lənkəran, Sumqayıt və Ağdaşda Koreya filmləri nümayiş etdirilib.
Avqustun 7-dən 15-nə kimi isə Qəbələ rayon sakinləri bu filmlərə baxmaq imkanı əldə edirlər. Tədbirdə qonaqlara Qəbələnin tarixi, əhalisi və iqtisadi potensialı barədə məlumat verilib. Sonra festivalda təqdim olunacaq filmlərin proqramı, kino sahəsində qazanılan uğurlar, qarşıda duran vəzifələr barədə məlumat verilərək bu mövzunun hər zaman aktual olacağı bildirilib. Qeyd edilib ki, festivalda nümayiş olunacaq 10 Koreya filmi SEBA-nın dəstəyi ilə ilk dəfə olaraq Azərbaycan dilinə dublyaj olunub. Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşavir elçisi Ça Çanq Sun çıxışında hər iki ölkənin milli mənəvi dəyərlərindən danışıb. O, son illər Azərbaycan və Koreya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıb. Festival çərçivəsində nümayiş olunacaq filmlərin Azərbaycan tamaşaçısında Koreya barədə daha dolğun təsəvvür yaradacağına inandığını diqqətə çatdırıb.
Çıxışlardan sonra tamaşaçılara 2011-ci ildə rejissor Çoi İk Hvan tərəfindən lentə alınmış “Ana” filmi təqdim olunub. Məlumat verilib ki, bütün filmlər Heydər Əliyev parkında və Qəbələ Mədəniyyət Mərkəzində təqdim olunacaq. Həmin filmlər ictimai-siyasi, elm, maarif, məhəbbət, gözəllik, hümanizm ruhlu mövzulardan bəhs edir. Filmlərin bütün seansları ictimaiyyət üçün açıqdır və giriş pulsuzdur.

Keçidlər