Qəbələdə keçirilən Dünya Kuboku yarışlarında Çinin qadın atıcıları daha iki medal qazanmışlar.
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir. Avqustun 13-də qadınlar arasında tüfəngdən 50 metr məsafəyə atəş açma yarışları keçirilmişdir. Yarışın final mərhələsində Rusiya, Çin, Xorvatiya, ABŞ, Polşa və başqa ölkələrdən 8 idmançı iştirak etmişdir. Çin idmançısı Donqi Cen rəqiblərini üstələyərək 456.2 xalla birinci yeri tutmuş, komandasına 5-ci qızıl medalı qazandıraraq Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır. Silinq Yi (Çin) 455.4 xalla ikinci, Anna Zukova (Rusiya) 444.8 xalla üçüncü yeri tutmuşlar. Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilmişdir. Mükafatların təqdimatı mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev iştirak etmişdir. Hazırda Çin idmançıları 9 medalla Dünya Kuboku yarışlarında birinci yerdədirlər. Onlardan 5-i qızıl, 3-ü gümüş və 1-i bürünc medaldır. Kompleksdə 6 gündür ki,davam edən atıcılıq yarışlarında indiyədək 20 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır.