Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Azərbaycanda Koreya Kinosu Festivalı”nın rəsmi bağlanış mərasimi keçirilmişdir.

17 avqust 2015 | 01:00

Azərbaycan Mədəniyyət Fondunun, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA), Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə iyulun 6-dan avqustun 15-dək ölkəmizdə keçirilən “Azərbaycanda Koreya Kinosu Festivalı” başa çatmışdır.
Avqustun ayının15-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində festivalın rəsmi bağlanış mərasimi keçirilmişdir.
Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun xatirəsini ehtiramla yad etmişlər.
Sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev Qəbələ Mədəniyyət Mərkəzində festivalın təşkilatçıları və iştirakçıları ilə görüşmüşdür. Görüşdə qonaqlara Qəbələnin tarixi, əhalisi və iqtisadi potensialı barədə məlumat verilmiş, qarşılıqlı xatirə hədiyyələri təqdim olunmuşdur.
Heydər Əliyev Konqres Mərkəzində keçirilən bağlanış mərasimində rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev çıxış edərək, müstəqil ölkəmizin sosial-iqtisadi sahədə sürətli inkişafından, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində həyata keçirilən genişmiqyaslı layihələrdən, aparılan nəhəng abadlıq-quruculuq işlərindən danışmış və dinamik iqtisadi tərəqqinin hər bir ölkə vətəndaşında, eləcə də bütün qəbələlilərdə fərəh və qürur hissi doğurduğunu bildirmişdir. Cənab Səbuhi Abdullayev sosial-iqtisadi tərəqqi yollarında sürətlə irəliləyən ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına da böyük diqqət yetirildiyini vurğulayaraq, məhz avqust ayının 7-dən 15-dək Qəbələdə keçirilən və bu gün böyük uğurla başa çatan Koreya Filmləri Festivalının da bu diqqət və qayğının nəticəsində reallaşdığını qeyd etmişdir.
Natiq tədbirin təşkilatçıları olan Azərbaycan Mədəniyyət Fondunun, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Azərbaycanda, o cümlədən Qəbələdə Koreya Kinosu Festivalını təşkil etməsindən hər kəsin böyük məmnunluq hissi duyduğunu və bu əlamətdar tədbirin Qəbələ tamaşaçılarına Koreya mədəniyyəti,
incəsənəti və insanları ilə daha yaxından tanış olmaq, Koreya koloritini dərindən duymaq imkanı yaratdığını vurğulamışdır. Rayon icra hakimiyyətinin başçısı çıxışında SEBA Assosiasiyasının rayonumuzda həyata keçirdiyi bütün möhtəşəm layihələrin, bu il də keçirilməsi nəzərdə tutulan ənənəvi incəsənət sərgilərinin, qədim və şanlı tariximizdən xəbər verən Çuxur Qəbələ Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji tədqiqat işlərinin qəbələlilər tərəfindən yüksək dəyərləndirildiyini bildirmişdir.
Sonra SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova çıxış edərək ölkəmizin 5 regionunda fəlsəfi, psixoloji, ictimai-siyasi əhəmiyyətinə görə xüsusi dəyərə malik 10 Koreya filminin nümayiş etdirildiyini və bu festivalda 21 min tamaşaçının iştirak etdiyini demişdir. Bütün filmlərin SEBA-nın dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunduğunu qeyd edən SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova festivalın bağlanış mərasiminin Qəbələdə keçirilməsi təsadüfi olmadığını bildirmiş, Azərbaycanın qədim mədəniyyət paytaxtı Qəbələnin artıq mötəbər beynəlxalq toplantılara, elmi simpoziumlara, mədəniyyət tədbirlərinə, musiqi festivallarına, sərgi və konfranslara, eyni zamanda, idman yarışlarına böyük uğurla ev sahibliyi etdiyini söyləmişdir. Ruhəngiz Heydərova çıxışında Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği və tanıdılmasındakı misilsiz xidmətlərindən danışaraq, ölkəmizdə ilk dəfə keçirilən “Koreya Kinosu Festivalı”nın yüksək səviyyədə reallaşmasına göstərdiyi dəstəyə görə ona minnətdarlığını bildirmişdir.
Tədbirdə, xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, əməkdar incənət xadimi, kinorejissor Ayaz Salayev çıxış edərək, kino mədəniyyətinin inkişafı və təbliği üçün bu cür festivalların keçirilməsinin vacibliyindən danışmışlar.
Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Çoi Suk-İn çıxışında hər iki ölkənin milli mənəvi dəyərlərindən bəhs edərək son illərdə Azərbaycan və Koreya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulamış, festival çərçivəsində nümayiş olunan filmlərin Azərbaycan tamaşaçısında Koreya barədə daha dolğun təsəvvür yaratdığına inandığını diqqətə çatdırmışdır.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri cənab Fəttah Heydərov çıxış edərək Azərbaycanda keçirilən “Koreya Kinosu
Festivalı”nı parlaq mədəniyyət hadisəsi kimi dəyərləndirmiş, festivalda nümayiş etdirilən bir-birindən maraqlı filmlərin Azərbaycan tamaşaçısına Koreya xalqının tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanışlıq imkanı qazandırdığını bildirmişdir. Bu nailiyyətlərin əldə olunmasında əsas meyar, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf xəttinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi və bunun nəticəsində müstəqil ölkəmizin sosial-iqtisadi sahədə sürətli inkişafının məntiqi nəticəsi olduğunu söyləmişdir.
Çıxışlardan sonra tamaşaçılara festival çərçivəsində 5 regionun hər birində 10 filmin təqdimatı və tədbirlərin gedişatı ilə bağlı sənədli film təqdim olunmuşdur.
Yekunda koreyalı rejissor Lee Hyun-jong-un 2013-cü ildə ekranlaşdırdığı “Məni həbs et” (Steal My Heart”) filmi nümayiş etdirilmişdir.
Tədbir iştirakçılarına təşkilatçılar tərəfindən müxtəlif hədiyyələr, eyni zamanda, Koreya Fondu tərəfindən Koreyanın mədəniyyətini və tarixini özündə əks etdirən videodisklər təqdim olunmuşdur.
Festivalın bağlanış mərasimində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, kinorejissorlar İlqar Nəcəf və Asif Rüstəmov, kinodramaturq, əməkdar incəsənət xadimi Baba Vəziroğlu və başqaları iştirak etmişlər.

Keçidlər