Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları başa çatmışdır.
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları başa çatmışdır.
Avqustun 15-də kişilər arasında səngər stend atıcılığı üzrə keçirilən yarışların final mərhələsində 8 idmançı iştirak etmişdir. Finalda rusiyalı Aleksey Alipov qızıl medal qazanmış, xorvatiyalı Çernoqraz Ciovanni ikinci, italiyalı Fraska Erminio isə üçüncü yeri tutmuşdur.
Yarışdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.
Qeyd edək ki, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minədək idmançı, eləcə də rəsmi qonaq və nümayəndə heyəti iştirak etmişdir. Dünya Kuboku uğrunda yarışların 5 mərhələsi ötən bir il ərzində ABŞ, Almaniya, BƏƏ, Kipr və Meksikada keçirilmişdir. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən Dünya Kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanmışlar. Yarışların 6-cı mərhələsi, yəni final görüşləri avqustun 8-dən 16-dək Qəbələdə keçirilmişdir.
Bu yarışlar 2015-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab olunur. Atıcılığın 17 növü üzrə keçirilən yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparmışlar. Yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı olan “ISSF TV” vasitəsi ilə canlı yayımlanıb.