Serbiya idmançısı Dünya Kuboku yarışlarının qalibi olub.
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.
Avqustun 14-də daha bir yarış - qadınlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışları - keçirilmişdir. Yarışın final mərhələsində Serbiya, Tayvan, Çin, Rusiya, Ukrayna, Koreya və Fransadan 8 idmançı iştirak etmişdir.
Serbiya idmançısı Zorana Arunoviç 199 xalla Çin idmançısını geridə qoyaraq birinci yeri tutmuşdur. Çin idmançısı Yuemei Lin 197.7 xalla ikinci, Tayvan atıcısı Chen Chia Tien (Tayvan) 177.7 xalla üçüncü yeri tutmuşlar. Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırma mərasimində rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev iştirak etmişdir.
Qeyd edək ki, yeddi gündür ki, keçirilən atıcılıq yarışlarında indiyədək 26 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır.