Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə arxeoloji tədqiqat işləri aparılıb

21 avqust 2015 | 01:00

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Qəbələ rayonunun ərazisindəki Qalayeri yaşayış məskənində eramızdan əvvəl IV minilliyin birinci yarısına-xalkolit dövrünə aid olan ən qədim abidədə genişmiqyaslı arxeoloji qazıntı işləri aparmışdır. Qalayeri Yaxın Şərqin erkən sivilizasiyaları ilə sıx bağlı olan, əsasən Azərbaycan ərazisində yayılmış Leylatəpə arxeoloji mədəniyyətinə aid abidələrdən biridir və bu abidədə sistemli tədqiqat işləri 2012-ci ildən aparılır. Burada aparılan araşdırmalar, ilk növbədə, Leylatəpə mədəniyyətinin daha geniş arealda yayıldığını sübut edir. Eyni zamanda, bu abidədə aparılan qazıntılar Leylatəpə mədəniyyətinin köklərinin qədim Mesopotamiya ilə yanaşı, Şərqi Anadolunun həmdövr mədəniyyətləri ilə də sıx bağlı olduğunu sübut edib. Qalayerində aşkarlanan memarlıq qalıqları, kütləvi istehsalın məhsulu olan keramika məmulatı, daşdan, sümükdən və metaldan hazırlanmış alətlər Şərqi Anadolunun son xalkolit dövrü abidələrinin, xüsusilə də Arslantəpə yaşayış yerinin tapıntıları ilə analogiya təşkil edir. Xüsusilə də, Qalayerinin gil qatlarından ibarət tikililərinin paralelləri bütün Yaxın Şərq-Qafqaz regionunda yalnız Arslantəpədən məlumdur. Qalayerində Yaxın Şərq ənənələrinin daha bir nümunəsi kimi burada aşkarlanan uşaq qəbirlərini göstərmək olar. Bu qazıntı mövsümündə abidədə müxtəlif saxsı qablarda dəfn edilmiş beş körpə uşaq qəbri aşkarlanmışdır. Ümumiyyətlə, bəhs edilən dövr Yaxın Şərqdə erkən dövlətlərin yaranması ərəfəsidir. Qalayeri abidəsində məhz həmin mərhələnin bütün xüsusiyyətləri özünü göstərir. Bununla əlaqədar olaraq saxsı qabların istehsalını xüsusilə qeyd etmək lazımdır. Onların üzərində rast gəlinən dulusçu işarələri istehsal üzərində nəzarətin, cəmiyyətdəki müəyyən iyerarxik strukturun mövcudluğunu sübut edir. Bütün bunlar isə, öz növbəsində, Qalayeri yaşayış məskəninin Azərbaycanda hələ altı min il əvvəl sinifli cəmiyyətin ilk əlamətlərinin meydana çıxması tarixinin araşdırılmasında mühüm əhəmiyyət daşıdığını göstərir.

Keçidlər