Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İlham Əliyev Qəbələ Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdir

01 mart 2013 | 16:00

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.

Dövlət başçısına məlumat verildi ki, nəhəng “Ağ royal” formasında tikilmiş bina ətraf ərazi ilə ahəngdar mühit yaradır. Binanın alt qatında avtomobillər üçün xüsusi qaraj inşa olunmuşdur. Mərkəzin foyesi genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada Mədəniyyət Mərkəzinin hazırkı görünüşü və gələcək layihələrlə bağlı maketlər də vardır. Foyedə, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə də yaradılmışdır. Mərkəzdə teatr tamaşalarının, konsert proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan mövcuddur.

Bildirildi ki, üç qrim, bir məşq otağının fəaliyyət göstərdiyi mərkəzdəki 400 yerlik əsas tamaşa salonu nümunəvi tərtibatı ilə diqqəti cəlb edir. İkinci mərtəbədə müşavirə zalı, iki VİP, üç dərnək, rejissor və aktyorların istirahəti, həmçinin teatr kostyumlarını saxlamaq üçün otaqlar yerləşir. Bu binanı fərqləndirən cəhət daxili divarların ekoloji baxımdan təmiz və nəfis şəkildə işlənmiş taxta materiallarla üzlənməsidir. Bina ən müasir akustik texnologiya və dünya standartlarına uyğun teatr texnikası avadanlığı, Avropanın aparıcı şirkətlərinin istehsalı olan üzlük və tamamlama materialları ilə, məxsusi çıraq və mebellərlə təchiz edilmişdir. Tikinti zamanı müasir texnologiyadan, yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunması binanın xarici və daxili görüntüsünü daha cəlbedici etmişdir.

Diqqətə çatdırıldı ki, Qəbələdə tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq yeni binada rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılmışdır. Burada xüsusi qazanxana, transformator yarımstansiyası, mühafizə və yanğınsöndürmə sistemləri quraşdırılmış, su anbarı tikilmişdir. Mərkəzin yerləşdiyi ərazi Qəbələnin ümumi görkəminə uyğun olaraq abadlaşdırılmışdır.

Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Keçidlər