Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə III Beynəlxalq Mürəbbə Festivalı keçirilmişdir.

29 avqust 2015 | 15:00

Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə avqustun 29-da Qəbələ şəhərində III Beynəlxalq Mürəbbə Festivalı keçirilmişdir. Festivalın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, onun abidəsi önünə gül dəstələri düzmüşlər. Sonra isə Heydər Əliyev parkından festival keçirilən əraziyədək-“Qafqaz- Karvansaray” otel kompleksinə musiqi sədaları alıtında ictimaiyyət nümayəndələrinin və mürəbbəçilərdən ibarət kulinariya komandalarının yürüşü təşkil edilmişdir. Otelin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, İran, Serbiya, Qırğızıstan respublikalarının şirniyyatçıları, eləcə də Azərbaycanın 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdirmişlər. Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi Ilə keçirilən festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri iştirak etmiş, üç mindən çox yerli və xarici turist olmuşdur. Festivalın açılış mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, YUNESKO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının prezidenti Karmen de Padella, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev çıxış etmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev festivalın açılışı mərasimindəki çıxışında qonaqları və tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, artıq 3 ildir möhtəşəm mürəbbə festivalına ev sahibliyi edən Qəbələdə bu festivala 2013-cü ildə 11, ötən il 20, bu il isə 30 şəhər və rayondan, eləcə də 6 xarici ölkədən şirniyyatçıların qatılması, tədbirin nüfuzunun ildən-ilə daha da artmasından xəbər verir. O, qeyd etmişdir ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Səbuhi Abdullayev bu festivalın təkcə Qəbələnin deyil, ölkəmizin bütün bölgələrinin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynadığını vurğulamışdır. Çıxış edənlər Beynəlxalq Mürəbbə Festivalının Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Qəbələdə keçirilməsinin heç də təsadüfi olmadığını qeyd edərək bildirmişlər ki, böyük inkişaf yolu keçən Qəbələ xalqımızın mətbəx mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Ona görə də mürəbbə festivalı ənənəvi olaraq hər il Qəbələdə keçirilir. Həmçinin, Azərbaycan dünyanın ənənəvi mürəbbə sənətinin mərkəzləri arasında xüsusi yer tutur. Ölkəmizin şirniyyatçıları tərəfindən hazırlanan mürəbbələr özünün əla, ləziz dadı və geniş çeşidi ilə digər ölkələrdən fərqlənir. Bunu “Qəbələ III Beynəlxalq Mürəbbə Festivalı”nda nümayiş olunan Azərbaycan qənnadıçılarının və xarici ölkələrinin şirniyyat ustalarının təqdim etdiyi mürəbbələri müqayisə etdikdə aydın görmək mümkündür. Azərbaycan mürəbbələri çeşidinə və keyfiyyətinə görə digər ölkələrin məhsulundan daha üstün hesab edilmişdir. Ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə keçirilən “Qəbələ III Mürəbbə Festivalı”nda rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak etmişlər. Yarış şəklində təşkil olunmuş festivalda xüsusi komissiya yaradılmışdır. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim etmişlər. Komissiya tərəfindən isə 19 nəfərdən ibarət seçilən münsiflər heyətinin tərkibinə müvafiq sahələr üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxil edilmişdir. Yarışlar bitdikdən sonra mürəbbələrin satışı və sərgisi təşkil olunmuşdur. Festivalda şirniyyat komandaları tərəfindən hazırlanmış müxtəlif çeşiddə mürəbbələr, şirniyyatlar və meyvə şirələri yerli və xarici turistlərin böyük marağına səbəb olmuşdur. İnsanlar mürəbbələrin dadına həvəslə baxmış, onların hazırlanması üsulu ilə maraqlanmışlar. Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar və Qəbələnin bədii kollektivlərinin çıxışları da təşkil edilmişdir. Münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayan şəxslər müxtəlif nominasiyalar üzrə qalib elan edilmişlər. Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblərə festivalın kubok, medal və qiymətli hədiyyələri təqdim olunmuşdur. Festival maraqlı konsert proqramı ilə davam etdirilmişdir.

Keçidlər