İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının açılışında iştirak etmişdir
Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ şəhər məscidinin yeni binasının açılışında iştirak etmişdir.
Dövlət başçısına məlumat verildi ki, məscidin tikintisinə 2010-cu ilin may ayında başlanılmışdır. Heydər Əliyev Fondunun sifarişi ilə tikilən məscid binasının layihəçisi “Konstruktor MMC”, binanın podratçısı isə “Gilan inşaat” MMC-dir. Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir. İnşaat işləri zamanı yerli tikinti materiallarından geniş istifadə olunmuşdur. Məscidin həyətində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mənəvi və dini dəyərlərimizə qayğısını əks etdirən fotoguşə yaradılmışdır.
Məscidlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər mömin ibadət edəcəkdir. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilmişdir. Dini ocağın həyətində kiçik memarlıq üslubunda iki fəvvarə də inşa edilmişdir. Məscidin həyətində, həmçinin axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunmuşdur. Binanın həyəti yaşıllaşdırılmış, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.
Prezident İlham Əliyevə Qurani-Kərim hədiyyə olundu.
Dövlət başçısı məsciddə yaradılan şəraitdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.