Baş prokuror Qəbələdə vətəndaşları qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsi bütün dövlət təsisatlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. Baş prokuror Zakir Qaralov sentyabrın 4-də Qəbələ rayon prokurorluğunun inzibati binasında Qəbələ, Şəki, Qax, Balakən, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşları qəbul etmişdir. Qəbuldan əvvəl Baş prokuror və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar rayonların prokurorlarının iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan vətəndaşların müraciət, şikayət və təkliflərini dinləmiş, qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapmış, digər məsələlərə isə baxılması üçün prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar vermişdir. Prokurorluğun fəaliyyətinə aid olmayan müraciətlər araşdırılmaq üçün aidiyyəti üzrə göndərilmişdir. Qəbul zamanı vətəndaşlar əhaliyə göstərilən hərtərəfli qayğıya, bölgələrdə qəbulların silsilə xarakter almasına, regionlarda aparılan sosial-iqtisadi inkişafa görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.