Qəbələnin dağ çaylarında sel sularından mühafizə tədbirləri görülür.
Qəbələ şəhərinin və kəndlərin sel sularından mühafizəsi məqsədilə dağ çaylarında işlər davam etdirilir. Rayonda sel sularının qarşısının alınması və qış mövsümünə hazırlıq məqsədilə Tikanlı-Qaraçay, Həmzəli, Türyançay, Dəmiraparan və Bum çaylarında sahilbərkitmə və bəndvurma işləri görülür, çay yataqları lil və çınqıldan təmizlənir. Qəbələnin ərazisindən keçən beş böyük dağ çaylarında sel sularından mühafizə işlərinin həyata keçirilməsi üçün əraziyə lazımi sayda işçi qüvvəsi və müasir texnika cəlb olunmuşdur. Görülən işlərdən əsas məqsəd qış və yaz aylarında baş verə biləcək daşqınların qarşısını almaqdır. Bəndlərin möhkəmliyinə xüsusi diqqət yetirilir. Mütəxəssislərin sözlərinə görə, dəmir karkas üzərində tökülən beton bəndlər güclü sel sularına davam gətirməyə qadirdir. Qeyd edək ki, ilin əvvəlindən indiyədək çayların yataqları 531 min kubmetr lildən təmizlənmiş, 5446 metr ərazidə sahilbərkitmə işləri aparılmışdır.