Arıçılıq sürətlə inkişaf etdirilir.
Son illər arıçılığın sürətlə inkişaf etdirildiyi Qəbələ rayonunda arı ailələrinin sayı və məhsuldarlıq ildən-ilə artırılır. Dağlıq və düzənlik relyefə malik olan Qəbələdə iqtisadi baxımdan çox sərfəli sayılan arıçılığın inkişafı üçün münbit şərait vardır. Arıçılığın daha da inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan sahibkarların işinin əlaqələndirilməsi üçün Azərbaycan Arıçılar Birliyinin Qəbələ Rayon Şöbəsi yaradılmışdır. “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq burada görülən işlərin nəticəsidir ki, bu sahəyə maraq göstərən fiziki şəxslərin sayı ildən-ilə artır. Son bir ildə rayonda 36 fiziki şəxs fərdi arıçılıq təsərrüfatı yaradılmış və 192 yeni arı ailəsi formalaşdırılmışdır. Hazırda arıçılıqla məşğul olan fiziki şəxslərin sayı 633-ə, arı ailələrinin sayı isə 1625-ə çatmışdır.