Arxeoloji turizmin iştirakçıları Qəbələyə gəlmişlər.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turizm şirkəti və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə “Azərbaycanda arxeoloji turizm” adlı mədəni turizm marşrutuna start verilib. Xalqımızın mədəni dəyərlərinin təbliği, onlardan turizm məqsədləri üçün daha səmərəli istifadə olunması, həmçinin regionlarda turizmin inkişafı sahəsində mühüm əhəmiyyət kəsb edən info-turun ilk ünvanı rayonumuzun Çuxur-Qəbələ kəndi olmuşdur. İştirakçılar Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində yerləşən Qəbələ Arxeoloji Mərkəzi ilə tanış olmuşlar. Onlara ərazisi 6150 kvadratmetr olan mərkəzin üçmərtəbəli binası, sərgi salonu, arxeoloji fondu, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlar haqqında məlumat verilmiş, 2013-cü ildə Səlbir ərazisindən tapılan II-III əsrlərə aid eksponatlar nümayiş etdirilmişdir. Diqqətə çatdırılmışdır ki, Qəbələnin zəngin tarixinin üzə çıxarılmasında son illər Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) gördüyü işlər mühüm yer tutur. Azərbaycanlı alimlərin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələnin tarixinin açılmamış yeni səhifələri ortaya çıxmışdır. 2005-ci ildən bəri rayonda aparılan ardıcıl arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri SEBA-nın dəstəyi ilə Qəbələ Arxeoloji Mərkəzində saxlanılır. Sonra iştirakçılar Səlbir ərazisində tapılan qədim yaşayış məskənin qalıqları ilə tanış olmuşlar.