Prezident İlham Əliyevə “Golf Resort” idman və istirahət mərkəzinin layihəsi ilə tanış olmuşdur
Prezident İlham Əliyevə “Golf Resort” idman və istirahət mərkəzinin layihəsi ilə bağlı da məlumat verildi. Azərbaycanda qolfun populyarlaşdırılması və bu idman növünə marağın artırılması məqsədilə ölkənin ən dilbər guşələrindən birində - Qəbələ rayonunda qolf idman meydançasının, habelə Qolf Akademiyası və klubunun yaradılması qərara alınmışdır.
Layihəyə əsasən, Qəbələ rayonu ərazisindən keçən Dəmiraparan çayı ilə ətrafdakı dağ massivinin arasındakı 80 hektarlıq ərazidə qolf meydançasının, qolf klubun, otel binasının, villaların və müvafiq infrastruktur obyektlərinin inşası nəzərdə tutulur. Mövsümi yağıntıların və dağlarda qar örtüyünün əriməsi nəticəsində Dəmiraparan çayında baş verə biləcək daşqın hallarının qarşısını almaq, bununla da qolf meydançasının mühafizəsini təmin etmək məqsədilə çayın sahilində istinad divarları tikiləcəkdir. Klassik forma və üslubda inşa ediləcək bu mərkəzdə klub üzvlərinin və qonaqların səmərəli istirahəti üçün hər cür şərait yaradılacaqdır.
Prezident İlham Əliyev həm “Tufan” Dağ-xizək Yay-Qış İstirahət Kompleksinin, həm də “Golf Resort” idman və istirahət mərkəzinin tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.