Özbəkistan portalları Qəbələ haqqında yazır.
Özbəkistanın 1.news.uz , uchildiz.uz və podrobno.uz portalları “Qəbələ – Azərbaycanın qədim şəhəri və turizmin parlayan ulduzu” adlı məqalə yaymışdır.
Məqalədə deyilir ki, 900 il Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ Böyük Qafqaz dağlarının cənub ətəyində, Bakı şəhərindən 220 kilometr məsafədə yerləşir. Qafqaz Albaniyasının paytaxtı olan antik şəhərin xarabalıqlarının və əsas qapısı hesab edilən “Qala qapısı”nın abidə kimi qorunduğu və günümüzə qədər gəlib çatdığı, ərazidə müxtəlif dövrlərə aid çoxlu tarixi və mədəni abidələrin mövcudluğu bildirilir. Əmili kəndində IV-VIII əsrlərə aid “Kilsədağ məbədi”nin qalıqlarının, Həzrə kəndində XV əsrə aid Şeyx Bədrəddin və Şeyx Mənsur məqbərə kompleksinin, Bum kəndində XIX əsrə aid məscidin möhtəşəmliyi qeyd olunmaqla, ərazidə bu qəbildən xeyli digər abidələrin də olduğu göstərilir. Yazıda Çuxur Qəbələ kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar nəticəsində e.ə. IV-III əsrlərdən e. XVIII əsrinə qədər Qəbələnin Azərbaycanın inkişaf etmiş ticarət, sənətkarlıq mərkəzi və böyük şəhərlərindən biri olduğunun sübut edildiyi diqqətə çatdırılır. Sovet dövründə Qutqaşın adlanan Qəbələnin tarix və memarlıq abidələri ilə zəngin olduğu, aparılan qazıntılar zamanı unikal mədəniyyət nümunələrinin aşkar edildiyi göstərilir.
Həmçinin bildirilir ki, regionun füsunkar təbiəti, mülayim iqlim şəraiti turizmin inkişafı üçün yeni perspektivlər açır, və bu gün Qəbələdə turizmin inkişafı istiqamətində mühüm işlər görülür.
Azərbaycanın turizm diyarı olan Qəbələdə beşulduzlu otellərin, brend restoranların fəaliyyət göstərdiyi işıqlandırılan məqalədə, qonaqların və turistlərin istirahəti üçün burada müasir standartlara uyğun şəraitin yaradıldığı vurğulanır.
Məqalədə eləcə də Azərbaycanda açıq səma altında ən böyük park attraksionu olan “Gabaland” haqqında məlumat verilir. Bildirilir ki, son illər qış turizminin inkişafı istiqamətində mühüm işlər görülən Qəbələdə, məşhur “Tufandağ” qış-yay turizm kompleksi fəaliyyət göstərir.
Bundan başqa, Qəbələnin Azərbaycanın mədəniyyət mərkəzinə çevrildiyi, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il bu şəhərdə beynəlxalq musiqi festivallarının keçirildiyi diqqətə çatdırılır.
Məqalənin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələ şəhəri ilə bağlı çıxışından sitat verilir: “Qəbələ Azərbaycanın mədəniyyət və turizm mərkəzinə çevrilmişdir”.